Dünyanın ən varlı on iş adamından doqquzunun ümumi sərvəti bazar ertəsi günü 22,9 milyard dollar azalıb.
Banker.az xəbər verir ki, bu məlumat “Forbes Real-Time” reytinqində əks etdirilib. Bildirildiyi kimi, əsas səbəb birjalardakı enişdir.
Ən böyük itki “Louis Vuitton” şirkətinin sahibi və Avropanın ən varlı iş adamı Bernard Arnault-da olub – milyarderin sərvəti 5,5 milyard dollar azalıb. Fond bazarlarındakı eniş səbəbindən “Forbes” reytinqdə onun yerini “Microsoft” korporasiyasının keçmiş rəhbəri Bill Gates tutub. Qeyd edildiyi kimi, Bill Gates-in sərvəti 1,7 milyard dollar azalıb.
Siyahının lideri və “Amazon” şirkətinin baş direktoru Jeff Bezos isə qiymətləndirmələrə görə 3,8 milyard dollar itirib. Günün antiliderlərinə həmçinin investor Warren Buffet (3,4 milyard dollar itirib) və “Facebook”un rəhbəri Mark Zuckerberg (2,6 milyard dollar itirib) daxildir.
Daha əvvəl qeyd edildiyi kimi, bazar ertəsi günü dünyanın ən zəngin on iş adamından yalnız biri heç nə itirməyib – “Oracle” şirkətinin direktorlar şurasının sədri Larry Ellison. Verilən məlumata görə, onun kapitalı 790 milyon dollar artıb.
Xatırladaq ki, bir neçə gün əvvəl “Oracle” şirkəti “Walmart” ilə birlikdə “TikTok”la müqavilə bağlamışdır.
Bazar ertəsi günü bütün fond indekslərində eniş qeydə alınıb: Dow Jones – 2,76%, S&P 500 – 2,13%, Nasdaq – 1,1% azalıb. Bundan əlavə, ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyi də enib – 0,27%. Bu o deməkdir ki, onlara tələb artıb və investorlar özlərini daha etibarlı aktivlərlə sığortalamağa çalışırlar.
Qeyd edək ki, S&P 500 indeksi ardıcıl olaraq dörd gündür ki, düşür. Mütəxəssislərin fikrincə, bu, fevral ayından bəri ən böyük dövrdür. “JPMorgan” və “Bank of Amerika” səhmləri 4%, “Citigroup”un səhmləri 3%, “Nikola”nın səhmləri isə 19% ucuzlaşıb. Karantin rejiminin yenidən tətbiq edilməsi təhlükəsi həmçinin şirkətlərə də təsir göstərib. Məsələn, “Southwest Airlines” və “Delta Air Lines”ın dəyəri müvafiq olaraq 7,1% və 8,9% azalıb; “Apple” – 18%, “Microsoft” – 12,5%, “Amazon” isə təqribən 16,3% ucuzlaşıb. CNBC-nin verdiyi məlumata görə, son bir neçə həftədə S&P 500 – 7%, Dow Jones – 6%, Nasdaq isə 10,3%-dan çox düşüb.