“Nongfu Spring” şirkətinin sahibi Zhong Shanshanın sərvəti 60 milyard ABŞ dollarını keçib. Banker.az xəbər verir ki, iş adamı Çinin ən varlı adamları siyahısında lider olub.
“Hurun China Rich List 2021” reytinqinə görə, Zhong Shanshanın sərvəti 60.6 milyard ABŞ dolları olaraq qiymətləndirilir. Çinin ən varlı adamları sırasında ikinci yeri “ByteDance”ın təsisçisi Zhang Yimin (52.8 milyard ABŞ dolları), üçüncü yeri isə “CATL” şirkətinin rəhbəri Zeng Yugun (47.4 milyard ABŞ dolları) tutub.
“Tencent”in rəhbəri Poni Ma antiinhisar qanunların sərtləşdirilməsi səbəbindən 19% yoxsullaşıb və 49.2 milyard ABŞ dolları kapitalla ən varlı çinlilər siyahısında dördüncü yeri tutub. “Alibaba”nın qurucusu Cek Ma 2020-ci ildə Çinin ən varlı adamı olsa da, bu il 22.6 milyard ABŞ dolları ilə reytinqin beşinci sırasına enib.
Zhong Shanshan – “Nongfu Spring” şirkətinin təsisçisi və baş direktorudur. Şirkət qablaşdırlımış su və alkoqolsuz içkilərin istehsalı üzrə ixtisaslaşır. 2020-ci ilin sentyabr ayında “Nongfu Spring” Honkonq birjasına çıxıb. Hərracların ilk günündə səhmlər 85% bahalaşıb və şirkət 1.1 milyard dollar investisiya cəlb etməyi bacarıb.
Bundan əlavə, milyarder “Beijing Wantai Biological Pharmacy Enterprise” vaksin istehsalçısına sahibdir. Bu şirkət də 2020-ci ildə birjaya çıxıb.
Qeyd edək ki, tarixin ən varlı adamı amerikalı sahibkar İlon Maskdır. Səhmlərin bahalaşması sayəsində Maskın sərvəti 300 milyard ABŞ dollarına yaxınlaşır. Daha əvvəl dünyanın ən varlı adamı “Amazon”un qurucusu Ceff Bezos olub.