8 C
Baku
Thursday, December 12, 2024

Dünyanın ən yaxşı müdiri kimdir: Semco şirkətinin uğur tarixi

 Hansı iş şərtlərini özünüz üçün ideal hesab edirsiniz? Ola bilsin bir çoxlarınızın cavabı işə məhz nahar vaxtından başlamaq və yaxu bazar ertəsinin istirahət günü hesab edilməsidir?! Bəs özünüz özünüzə əmək haqqı təyin etsəydiniz necə? Yəqin bütün bunların real olduğunu təsəvvür etmək çətindir. Lakin belə şərtlərə sahib iş Braziliyada mövcuddur və bu cür şərtlərlə işi Semco şirkəti təklif edir.

Şirkətin tarixi XX əsrdə San Paulu şəhərində yaranmışdır. 1953-cü ildə Antonio Semler şirkətin əsasını qoyur və bu şirkət ilk olaraq Semler & Company adlanmağa başlayır. Şirkət gəmiqayırma ilə məşğul olaraq uğur qazanır. Düzgün idarə etmə prinsiplərinə sahib olan şirkət 60-70-ci illərdə yerli bazarda nəhəng məhsl təminatçısı idi.

Antonio Semler-in oğlu və şirkətin varisi olan gənc Rikardo 1979-cu ildə Harvard universitetində təhsilini başa vurur. Yeni ideyalarla zəngin bu gənc tez bir şəkildə atasının şirkətinə adoptasiya olur. Lakin şirkətdə bəzi şeylər gənc mütəxəssisin ürəyincə deyildi. Əsas olaraq isə onu narahat edən məsələ şirkətin gəlirinin 90%-nin gəmiqayırmadan əldə edilməsi idi. Çünki bazardakı cüzi dəyişikliklər onların xeyrinə olmayacaqdı. Rikardı Semler uzun müddət məhsulun spektrını dəyişmək üçün atasını razı salmağa çalışır və bu səbəbdən də ailədə tez-tez mübahisələr yaşanırdı. 80-ci illərin əvvəllərində Semler ailəsini ciddi hadisələr gözləyirdi. Braziliya rəhbərliyi milli gəmiqayırmanın inkişafı üzrə bütün proqramları dayandırır və bunun ardınca tənəzzül başlayır.

Rikardo Semler şirkəti böhrandan çıxaracağını vəd verərək şirkətin rəhbəri vəzifəsinə öz namizədliyini irəli sürür. Atasının rədd cavabı verəcəyi təqdirdə isə Semler & Company şirkətini tərk edəcəyini və atasını problemlərlə tək başına qoyacağını bildirirdi. Antonio Semler-in razılaşmaqdan başqa çarəsi yox idi. Çünki o problemlərin öhdəsindən tək gələ bilməzdi və bundan əlavə şirkəti varissiz qoymaq istəmirdi.

Şirkətin yeni rəhbəri, 21 yaşlı Rikardo Semler öz karyerasını qlobal həll yolları ilə başlayır. Beləliklə şirkətin adı dəyişdirilərək Semco adlandırılır, ən əsası isə eyni anda şirkət menecerlərinin 60%-i işdən azad edilir. Rikardo şirkətin problemlərini həll etmək üçün gün ərzində 16 saat işləməli olurdu.

25 yaşında həddindən artıq işləməkdən o huşunu itirir. Semler üçün bu qırılma nöqtəsi idi. Bu zaman onu iki sual narahat edirdi: “Nə etmək lazımdır, axı belə davam edə bilməz?” və “Əgər onun başına bir iş gəlsə şirkətin aqibəti necə olacaq?”. Onun fikirləri bir ideyanın üzərinə gətirib çıxarır ki, Semco şirkətinə elə bir struktur lazım idi ki, rəhbərlik olmadan işlər qaydasında olsun. Yəni özünüidarə. Bunun ardınca şirkətdə tamamilə yeni mühit – demokratik, dayanıqlı, nizamlı yaratmaq üçün çox sayda islahatlar başlayır.

Semler mütəmadi olaraq menecer və işçilərə idarə etmə imkanı yaradırdı ki, bu da misli görülməmiş iqtisadi uğura gətirib çıxarır və şirkəti “Arzuların iş yeri” edir.

Semco şirkətinin iş prinsipi: Rikardo Semler öz islahatlarını heç bir rəsmi qeydiyyatlar olmadan idarəetmənin əməkdaşlara həvalə edilməsindən başlayır. Bu zaman dress-kod, vəzifə qeydləri və s. bu kimi ofis daxili qaydalar ləğv edilir. Bunun ardınca rəhbərlik üçün nəzərdə tutulmuş güzəştlər, xüsusi avtomobil park etmə yerləri və xüsusi yeməkxana aradan qaldırılır.

Rikardo Semlerin komandası özləri üçün işçi qrupları və işçi komitələri yaradırdılar. İşçi qruplar tam hərəkət sərbəstliyi ilə tapşırıqları icra edirdi. İşçi komitələri isə öz növbəsində tam hüquqlu idarəetmə orqanı idi və liderləri işçilərin özləri seçirdi. Semco şirkətində kollektivizm ruhu hökmranlıq edirdi.

İşçilər iş saatını, tətil günlərini, iş yerlərini özləri seçirdilər. Əsas olan tapşırıqların zamanında və lazımınca yerinə yetirilməsi idi. Əgər siz işinizi 3 saat ərzində bitirmisinizsə iş saatının 6-da bitməsini gözləməyin nə mənası var?!

Əmək haqqını da işçilər özləri təyin edirdilər. Lakin bu o demək deyildi ki, hər kəs istədiyi məbləği özü üçün seçə bilərdi. Burada məntiqi hədlər mövcud idi. Bu məntiqi hədlər isə bir neçə amil üzrə formalaşırdı: şəhər üzrə analoji işin orta aylıq əmək haqqı dərəcəsi, Semco şirkətində analoji iş üzrə orta dərəcəli əmək haqqı və s. İşçilər bu maaşa layiq olmaq üçün isə onun tələblərinə uyğun olaraq zəhmət çəkməli idilər. Əks halda həmin işçi işdən azad edilirdi.

Şirkət daxilində özünüidarəetmə o həddə çatmışdı ki, Semco əməkdaşları özləri özlərinə rəhbərlik seçir, müsahibələri özləri edirdilər.

Kollektivizm ruhu o qədər yüksəlmişdi ki, artıq Semco şirkətində xadimə, aşbaz, qapışı və texnikə ehtiyac yox idi. İşçilər bütün işləri özləri icra edirdilər.

Yuxarıda sadalananlar Semco şirkətinin həyata keçirdiyi islahatların yalnızca bir qismidir. Hazırda Semco şirkəti Braziliyanın nəhəng şirkətlərindən biridir və 3000-dən çox əməkdaşa sahibdir.

Son xəbərlər
Digər xəbərlər