9 C
Baku
Friday, December 13, 2024

Dünyanın ən zəif valyutaları

Heç şübhəsiz ki, neft böhranı səbəbindən dünya valyutaları əziyyət çəkir. Rusiyada bank sahəsi üzrə ixtisaslaşmış saytlardan biri dollarla münasibətdə ucuzlaşmış dünya valyutalarının reytinqini təşkil etmişdir. Azərbaycan milli valyutası olan manat da bu statistikada yer almışdır.

Beləliklə, Rusiya iqtisadi mediasına əsasən hazırda ən zəif valyutalar hansılardır:

Malaviya kvaçası

Malaviya kvaçası hələ 2012-ci ildə, BVF-nun tələbi ilə Malaviya Mərkəzi bankı milli valyutanı dollardan ayırdıqda bir gün ərzində öz dəyərini itirmişdi. Valyuta qara bazarda demək olar ki, 50% ucuzlaşmışdı. Bu zaman ölkə əhalisi yanacaq və həyati vacib məhsulları almaq üçün uzun növbələrdə dayanmışdılar. Valyuta o dövrdən etibarən enməyə davam edir və 2015-ci ildə əlavə olaraq dəyərinin 30%-ni də itirdi.

Braziliya realı

23 sentyabr 2015-ci ildə qeydə alınmış nəticə Braziliya valyutasının bu günə qədər qeydə alınan ən aşağı nəticəsi hesab olunurdu. Bu zaman birjada 1 dollara 4,146 real verirdilər. Məhz bu antirekord sayəsində Braziliya realı dünyanın ən zəif valyutaları reytinqində yer almışdı. Lakin valyutanın yenidən “ayağa” qalxması üçün şanslar yox dərəcəsindədir. Belə ki, yeni antirekord yenidən 2016-cı ildə qeydə alındı. Bu dəfə isə real öz dəyərinin 1,47%-ni itirdi. Ekspertlər Braziliya valyutasının enmə səbəbini bu Cənubi Amerika ölkəsinin Mərkəzi Bankının baza faiz dərəcəsini əvvəlki səviyyədə, yəni 14,25% olaraq saxlamaq qərarı ilə əlaqələndirirlər.

Mozambik metikalı

24 noyabr 2015-ci ildə idxal məhsullarında dəyərin 20% endirilməsi və dövlət borcunun rekstrukturizasiya edilməsi barədə danışıqlar Mozambik dövlətinin valyuta bazarında panikaya səbəb oldu. Bu səbəbdən Mozambik metikalı 30%-dən çox enmişdi.

Ukrayna qrivnası

5 fevral 2015-ci il tarixdə Ukrayna Milli bankı qrivnanın taraz məzənnəsini təyin etmək məqsədilə valyuta bazarında gündəlik indikativ hərrac keçirməyi dayandırdı. Bu Ukrayna hökumətinin arxayın olduğu və BVF-nun məsləhətlərindən birinə cavab olaraq gördüyü tədbir idi. Valyuta bazarı isə buna iflas etməklə reaksiya verdi və 30 qrivna 1 dollara bərabər oldu. Ümumilikdə isə, 2015-ci il ərzində qrivna demək olar ki, 35% dəyərsizləşdi.

Argentina pesosu

10 dekabr 2015-ci il tarixində Maurisio Makri Argentina prezidenti vəzifəsinə sahib oldu. Onun seçkiqabağı öz seçicilərinə verdiyi vəd pesonun məzənnə təşkilinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması idi. Makro deyirdi ki, iqtisadi artımı stimullaşdırmaq üçün valyutanın məzənnəsini endirmək mütləqdir. 17 dekabr tarixində hərracın başlamasından dərhal sonra peso 40,7% dəyərini itirdi.

Zambiya kvaçası

Kvaça – Zambiya Respublikasının pul vahididir və yerli dialektlərdən birində “Azadlıq” mənasını verir. Valyuta sanki öz adına layiq olaraq keçən il ərzində sərbəst şəkildə enməyə davam edirdi. 2015-ci ilin avqust ayının sonunda valyuta 16%, ümumilikdə 2015-ci il ərzində isə 41,9% endi.

Qazaxıstan tengesi

Bir il əvvəl neft böhranının başlamasından etibarən qazax tənzimləyici milli valyutanın dəyərini sərt şəkildə qoruyub saxlayırdı. 2015-ci ilin yayında neft qiymətlərinin enməsində yaşanan ikinci dalğa tengenin məzənnəsinə güclü təzyiq göstərdi və 20 avqustda Milli bank üzən məzənnəyə keçməli oldu. Valyutanın dəyəri demək olar ki 3 dəfə ucuzlaşdı və məzənnə ABŞ dollarına nəzərən 250 tengeni geridə qoydu. Bununla eyni zamanda banklar və valyuta mübadilə məntəqələri öz işini dayandırdı, idxal məhsullarının dəyəri artdı. Ümumilikdə 2015-ci il ərzində valyuta 46,5% ucuzlaşdı.

Azərbaycan manatı

Azərbaycan milli valyutası rus rublu kimi neft qiymətlərinin enməsi səbəbindən zərərlə üzləşdi. Dekabr ayının sonunda Mərkəzi Bankın üzən məzənnəyə keçmək qərarından sonra manat dollara münasibətdə 47,6% endi. Ümumilikdə isə 2015-ci il ərzində Azərbaycan manatı orta hədlə 49,9% dəyərini itirmişdi.

Rus rublu

2015-ci ildə neft qiymətlərinin qəfil enməsi və sərbəst üzən məzənnəyə keçmək nəticəsində rus rublu 20,3% zəiflədi. 2016-cı ilin yeni başlamasına baxmayaraq, rubl artıq 4,5% enib. Lakin ekspertlər yaxın zamanda rublun dollara münasibətdə güclənəcəyini proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər