Dünyanın 500 ən varlı adamı 27 yanvar bazar ertəsi günü 108 milyard dollar itiriblər. Bu, Çinin “DeepSeek” startapının pulsuz “DeepSeek-R1” çat-botunu işə salmasından sonra baş verib. Belə ki, Çin şirkətinin süni intellekt sahəsindəki uğuru Qərb texnologiya şirkətlərinin kəskin ucuzlaşmasına gətirib çıxarıb.
Ən əhəmiyyətli itki ilə sərvəti 20% və ya 20.1 milyard dollar azalan Amerika çip istehsalçısı “Nvidia”nın qurucusu və baş direktoru Censen Huanq üzləşib. “Oracle Corp.”un həmtəsisçisi Larri Ellisonun itkisi mütləq ifadədə daha böyük (22.6 milyard dollar) olsa da, sərvətinin yalnız 12%-ni təşkil edib.
“Dell” şirkətinin qurucusu Maykl Dell 13 milyard dollar, “Binance”in qurucusu Changpeng Zhao isə 12.1 milyard dollar itirib.
Çin çat-botunun işə salınmasına Avropa birjaları da reaksiya verib. Məsələn, süni intellekt infrastrukturu üçün avadanlıq təchiz edən “Siemens” şirkətinin səhmləri 19.9% ucuzlaşıb, “Reuters” yazır.
Bazar ertəsi, yanvarın 27-də “DeepSeek-R1” ABŞ-də ən çox yüklənən pulsuz proqram olub. Qısa müddətdən sonra şirkət veb-saytında problemlərlə üzləşib. Startap böyük kiberhücumun qurbanı olduğunu və onu istifadəçilərin qeydiyyatına müvəqqəti məhdudiyyətlər qoymağa məcbur etdiyini bildirib.