Dünyada benzinin orta qiyməti bir litr üçün 1,29 ABŞ dolları təşkil edir. Müxtəlif ölkələr arasında bu qiymətlərdə əhəmiyyətli fərqlər mövcuddur. Adətən, varlı ölkələrdə benzinin qiyməti daha yüksək olur, kasıb ölkələrdə və neft hasil edib ixrac edən ölkələrdə isə qiymətlər xeyli aşağıdır. Yeganə istisna iqtisadi cəhətdən inkişaf etmiş, lakin benzinin ucuz olduğu ABŞ-dır.
“Visual Capitalist”in 2025-ci il üçün hazırladığı reytinqə əsasən, dünya üzrə benzinin ən bahalı olduğu şəhər Honkonqdur. Burada benzinin bir litri 3,07 dollaradır. Avropa regionunda benzinin ən baha olduğu şəhərlər sırasında isə Sürix — 2,27 dollar, Amsterdam — 2,26 dolla, Cenevrə — 2,24 dollar və Kopenhagen — 2,23 dollar var.
Benzinin ən ucuz olduğu şəhərlər isə əsasən neft istehsal edən ölkələrə aiddir: Dubay — 0,75 dollar, Ər-Riyad — 0,61 dollar, Doha — 0,57 dollar, Qahirə — 0,32 dollar.
Ölkələr arasındakı qiymət fərqləri əsasən benzinin vergiləri və subsidiyalarının fərqli olmasından qaynaqlanır. Bütün ölkələr beynəlxalq bazarlarda neftə eyni qiymətlə çıxış əldə edirlər, lakin tətbiq etdikləri vergilər fərqlidir. Nəticədə, benzinin qiymətləri də fərqlənir.