20 C
Baku
Monday, October 7, 2024

Dünyanın iqtisadi və siyasi səhnələri: Nə baş verir? Hansı suallar yaranıb?

Dünya iqtisadi və siyasi səhnələrində nələr baş verir və 2024-cü il 2025-ci il üçün iqtisadiyyat və siyasətdə hansı ciddi qlobal sualları hazırlayır? Öncə əsas trendlərə nəzər salaq.

– Almaniyada Volkswagen ilə başlayan narahatlıq doğuran siqnallar Almaniyanın avtomobil sənayesinə yayıla bilər? Əgər Almaniyanın avtomobil sənayesi hər hansı geriləmə göstərsə, bu Avropa Birliyinin kövrək iqtisadi vəziyyətinə nə dərəcədə mənfi təsir göstərəcək? Almaniya Avropa İttifaqını xilas edə bilir, Avropa İttifaqının Almaniyanı xilas etməsi nə dərəcədə realdır? Nəzərə alaq ki, Fransa iqtisadiyyatında da ciddi mənfi siqnallar var. Avropa iqtisadi güc mərkəzi kimi gücünü itirib. Lakin, yarana biləcək böhran bütün dünya ölkələrinə mənfi təsir göstərər, o cümlədən ölkəmizə.

– Çinin iqtisadiyyatında vəziyyət o qədər ürəkaçan deyil. Daşınmaz əmlak bazarında ciddi problemlər formalaşır. Çin monetar genişlənmə siyasətinə başladı. Çinin illik böyüməsinin 6%-in altına düşməsi sarı, 5%-in altına düşməsi qırmızı xətt hesab oluna bilər;

– Yaponiya iqtisadiyyatı faktiki olaraq durğunluqdan çıxmağa çalışır. Monetar siyasət bunun üçün kifayət etmir. Almaniyadan fərqli olaraq burada əsas ümid sənayeyə, xüsusilə avtomobil sənayesinədir. Toyotanın satışları, hibrid və elektromobil sahəsində addımları daha müvəffəqiyyətlidir. Ayrı-ayrı sahələrdəki irəliləyişlər ümumi iqtisadi durğunluqdan hansı müddətə çıxmağa imkan verəcək?

– Yaxın Şərqdə yenidən formalaşma prosesi gedir;

– Rusiya-Ukrayna müharibəsi ABŞ və Avropaya inflyasiya problemini həll etməyə yardım etdi. Amma digər ciddi iqtisadi problemlər yaratdı;

Bütün bu trendlər iqtisadi sahədə bir çox suallar formalaşdırır. Lakin, iqtisadiyyat sahəsində 6 əsas qlobal sual meydana çıxır:

1) Dünya birjalarında çox ciddi köpüklər formalaşıb və bu köpüklər faizlərin azaldılması fonunda daha da şişəcək. Bu köpüklərin kontrollu bir şəkildə azaldılması necə olacaq? Kontrollu bir şəkildə olmasa ciddi bir böhran yaranaraq nəzarətdən çıxmaz?

Qeyd: Avropa Mərkəzi Bankının rəhbəri Christine Lagarde 2020-ci illərin 1920-ci illərə bənzədiyini və senarilərinin də oxşar olduğunu qeyd edib.

2) Yaxınlaşmaqda olan iqtisadi təlatümlər resesiya, böhran yoxsa iqtisadi çöküş şəklində olacaq?

3) ABŞ bu qlobal böhranın harasında olacaq? İçində, yoxsa kənarında? Yəni, I və II dünya müharibələrində olduğu kimi siyasi səhnədə hakim, iqtisadi səhnədə tənzimləyici, xilasedici və yeni düzənin daha güclənmiş sahibi ola biləcək? Yoxsa əksinə, bu böhranın əsas qaynağı və çöküş mərkəzi ABŞ olacaq?

Qeyd: ABŞ post-pandemiya dövründə böhrandan digər iqtisadi güc mərkəzlərinə nisbətən daha sürətlə çıxdı və faiz endirimlərinə də getməklə nisbətən maliyyə mənbələri formalaşdırmağa çalışır.

4) Formalaşmış köpüklər və iqtisadiyyatın bəzi sahələrindəki qızmalar necə soyudulacaq?

5) Hələlik arxa plana atılmış qlobal borc məsələləri necə həll olunacaq?

6) Faktiki olaraq, qloballaşma deyil, de-qlobalizasiya prosesləri gedir. 2 ya 3 tərəfli iqtisadi müqavilələr imzalanır, ya da yerli regional birliklər formalaşdırılır. Bir çox ölkələrdə iqtisadi formasiyalar faktiki olaraq deformasiyalarla əvəzlənir. Ümumdünya Ticarət Təşkilatının qaydaları faktiki olaraq işləmir. Qlobal iqtisadiyyat bundan sonrakı dövrdə hansı iqtisadi formasiyaları inkişaf etdirə biləcək?

Bu səbəblərdən Asiya və Avropa arasındakı marşrutların, dəhlizlərin, yeni sağlam iqtisadi əlaqələrin formalaşması üçün tələsməyə başladılar. Proseslərin sürətli və qəti bir formada baş verməsi təsadüfi deyil.

Bütün bunların fonunda, siyasi sahədə isə 2 əsas sual meydana çıxır. Ayrı-ayrı ölkələrlə, birliklərlə bağlı suallar çoxdur. Lakin, bu 2 sual bütün dünyanın qarşısında duran suallardır:

1) Türkiyə Prezidentinin “dünya 5-dən böyükdür” sözləri əslində hər kəs tərəfindən müxtəlif cür yozulur. Məsələ burasındadır ki, BMT-nin həmin 5 daimi üzvü olan Təhlükəsizlik Şurası da faktiki olaraq işləmir. Nə Rusiyanın sözü keçir, nə Çinin. Fransa da zatən öz nüfuzunu itirdiyini dərk etdikcə sadəcə daha çox çığır-bağır salmaqla, su bulandırmaqla məşğuldur. Fransa bundan sonra proseslərdən daha çox kənarda qalacaq. Çünki, erməni lobbisinin və ona yaxın “güclərin” əli ilə idarə edib suları bulandırdığı İran, Suriya, Fələstin, Livanda baş verənlər tamamilə yeni bir vəziyyətin formalaşacağını xəbər verir. Deməli, BMT TŞ faktiki olaraq offside vəziyyətindədir. BMT-nin özü də həmçinin. Yeni düzən necə olacaq?

Qısa qeyd: Erməni lobbisinin son 30 il ərzində qlobal layihələrdə oynadığı destruktiv rol və bir neçə ölkənin əli ilə oynadıqları ikiüzlü oyunları faktiki olaraq ifşa olunub. Hazırda Ermənistan əbəs yerə sülh göyərçininə çevrilməyib. Paşinyan prosesləri elə əvvəldən çox gözəl dərk edib;

2) International əlaqələr Supranational əlaqələrə transformasiya edəcək. Bu transformasiya nə qədər zaman alacaq və dünya buna nə dərəcədə hazırdır?

Müəllif:
Elman Sadıqov,
iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər