9 C
Baku
Friday, March 1, 2024

Dünyanın və Avropanın iki ən bahalı fintex-startapı əməkdaşlıq edəcək

Elektron ödənişlər xidməti “Stripe” Avropanın ən bahalı startapı kimi tanınan “Klarna” ilə strateji tərəfdaş olduğunu açıqlayıb.

Banker.az xəbər verir ki, Amerikanın “Stripe” ödəniş sisteminin İsveçin “Klarna” ilə əməkdaşlıq etməsi hər iki şirkətin internet səhifəsində qeyd olunub. Şirkət nümayəndələrinin sözlərinə görə, “Stripe” müştərilərə “Klarna”nın “indi al, sonra ödə” funksiyasından istifadə etməyə imkan verəcək.

Qeyd edək ki, “Klarna”nın təxirə salınmış ödənişlər üçün iki seçimi var: alıcı məbləği dörd yerə bölə və onların hər birini iki həftədə bir dəfə ödəyir; və ya alışdan 30 gün sonra məbləği birdəfəlik bağlayır.

“Klarna” ödəniş metodlarından “Stripe”ın ABŞ və Avropanın daha 19 ölkəsindəki müştəriləri istifadə edə biləcək: Avstriya, Belçika, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Latviya, Litva, Niderland, Norveç, Slovakiya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniya.

Rəsmi açıqlamadan sonra startaplar yeni modeli sınaqdan keçirib. “Stripe”ın verdiyi məlumata görə, satışlarda orta hesabla 27% artım müşahidə olunub. Bununla yanaşı, reteylerlər “Klarna” istifadəçilərinin təxminən 40%-nin mağazalarını ilk dəfə olaraq ziyarət etdiyini qeyd edib.

“Stripe” – ABŞ-ın ən bahalı fintex-startapıdır. Hesablamalara görə, xidmətin bazar dəyəri 95 milyard dollardır. Bütün dünyada “Stripe” yalnız Çinin “ByteDance” (“TikTok”un sahibi, 140 milyard dollar) və İlon Maskın “SpaceX” (100.3 milyard dollar) şirkətindən geridə qalır.

“Klarna” – Avropanın ən bahalı fintex-startapıdır. Hesablamalara görə, xidmətin bazar dəyəri 46 milyard dollardır. “Klarna”dan sonra Avropa üzrə ikinci yerdə “Revolut”dur. İnvestorlar onu 33 milyard dollar olaraq qiymətləndirirlər. Xatırladaq ki, sentyabr ayında “Revolut” Avropada taksit xidmətini təqdim etmişdir.

Son xəbərlər
Digər xəbərlər