Ofislərdə çalışan insanlar həftənin 40 saatını burada keçirirlər və adətən mümkün olduğu qədər evə tez getməyə çalışırlar. Lakin elə ofislərdə mövcuddur ki, işçilər burada məmnuniyyətlə və heç bir məcburiyyət olmadan 60 saat və ya daha çox qalmağa hazırdırlar.
Və yəqin ki, bəzi insanlar bu qeyri-adi ofislərə həmişəlik olaraq köçməyə etiraz etməzdilər. Çünki bu rahatlıq evdə çətin ki tapılsın.
Yaradıcı və unikal mühit ən tənbəl işçini belə işguzar birinə çevirə bilər. Bir çox uğurlu şirkət sahibləri ofisin işçilər üçün rahatlılığına diqqət yetirilməməsinin yol verilməz hal olduğunu hesab edirlər.
Şotlandiyada Skyscanner baş qərargahı
Skyscanner Edinburqda aviabiletlərin onlayn satışı şirkətidir. Bu ofisdə rəhbərlik və işçilər arasında sərhəd yoxdur və işçilər gün ərzində özləri üçün rahat olan istənilən yerdə işləyə və istədikləri insanlarla ünsiyyət qura bilərlər. Ballina Construction və Bright 3D dizayn-studiyaları şirkətin xüsusi fəaliyyətindən ilhamlanaraq ofisdə gerçək təyyarə oturacaqları və çıxışda təyyarə qanadı quraşdırmışlar. Bu şirkətdə həmçinin ən ekzotik ölkələrə belə ucuz qiymətə biletlər əldə etmək mümkündür.
Danimarka LEGO ofisi
Danimarka da yerləşən LEGO baş-qərargahını darıxdırıcı, mənasız yer adlandırmaq qeyri-mümkündür. Rosan Bosch dizayn-studiyası ən qeyri-adi və parlaq elementlərlə bu ofisi zənginləşdirib. Belə ki, bu elementlər insanlara həyatın bir oyuncaq olduğunu və bəzən özünü kiçik bir uşaq hesab edib dünyaya fərqli gözlə baxmaq lazım olduğunu xatırladır. Ofisin mərkəzi açıq planda yaradılıb və qeyri-rəsmi görüşlər üçün nəzərdə tutulub. Hər bir əməkdaşın sərt, ciddi şəraitdə, yaxud da rahat divanlarda əyləşərək işləməyi seçmək şansı var. Danışıq zallarında isə əməkdaşların qarşısında uşaqlara aid rəngarəng kublar və digər oyuncaqlar qoyulur. Bu ofisi gördükdə buranın iş yeri yaxud da əyləncə məkanının olmasını ayırd etmək çətindir.
Stokholmda Bahnhof ofisi
İsveçin internet-provayder şirkəti olan Bahnhofun əməkdaşları güman ki, özlərini kifayət qədər təhlükəsiz bir şəraitdə hiss edirlər. Çünki bu ofis bütünlüklə bir bomba sığınacağında yerləşir. Güclü elektrogeneratorlar, gülləkeçirməz seyflər bu ofisi dünyanın ən təhlükəsiz bir yeri hesab etmək imkanı verir. Şirkət Albert France-Lanord Аrchitects tərəfindən dizayn edilmiş və mebellərdən, bəzək əşyalarından çox az istifadə olunmuşdur. Xırda ölçülü mebellərdən və qeyri-adi işıqlandırmadan istifadə etməklə bir az tutqunluq-qaranlıq məkan effekti yaradılıb –belə ofis məxfi kəşfiyyat xidməti və ya məkrli planlar üzərində işləyən gizli bir təşkilat üçün əla sığınacaq olardı. Amma əməkdaşlar kifayət qədər sülhpərvər və mehriban görünürlər. Ola bilsin ki, günəş şüalarının çatışmazlığı çoxlu sayda təbii bitkilərin mövcudluğu ilə kompensasiya olunur.
Los-Ancelesdə Palotta Team Works ofisi
Pallotta TeamWorks xeyriyyə təşkilatının ofis dizaynı ilə məşğul olan Clive Wilkinson Architects studiyasının dediklərinə görə büdcə həddindən artıq məhdud olduğu üçün ofis üçün kondisioner və istilik qurğuları belə quraşdırılmayıb. Burada normal bir ofisdən söz belə gedə bilməzdi və yük konteynerləri yenidən rənglənərək kabinetlərə və görüş otaqlarına çevrildi. Buna baxmayaraq orijinal, müasir, qənaətcil ofis yaradıldı və görünür bu haldan narazı olan yoxdur.
Kaliforniyada Pixar baş-qərargahı
Kaliforniyanın Emervill şəhərciyində heyrətamiz ofis olan Pixar yerləşir. Ofisə ilk daxil olduqda sizi animasiya studiyasının simvolu olan nəhəng lampa qarşılayacaq. Daxildə isə hər bir otaq özünəməxsus təsis edilib və sizi inanılmaz nağıl sərgüzəştlərinə dəvət edir. Ofisin hər yerində məşhur personajların şəkillərinə, ətrafa səpələnmiş yumşaq oyuncaqlara rast gəlmək mümkündür. Rəngarəng divarlar isə məşhur cizgi filmlərinin şəkilləri və posterləri ilə bəzədilmişdir. Pixarın əməkdaşları istənilən vaxt özlərinə fasilə verərək bilyard, stolüstü tennis yaxud futbol oynaya bilərlər. Həmçinin onlar rahat bağçada nahar edib, böyük açıq hovuzda dincələ bilərlər. Studiyanın şəxsi kinoteatrı da işçilərin ixtiyarına verilmişdir.
Torontoda Corus Entertainment ofisi
Məşhur Kanada media holdinqi olan Corus Entertainment daha çox qapalı su hovuzunu xatırladır. Bura gələn qonaqları əsasən üçüncü mərtəbə səviyyəsində yaradılan attraksion cəlb edir və bu attraksiondan eniş heç də rahat hovuza olmayacaq. Memar Jack Diamands bu iş üzərində çox çalışmış və nəticədə insanlarda güclü təəssürat yaradan bir iş ərsəyə gətirmişdir. Böyük atriumun ətrafında saysız telestudiyalar, görüşlər keçirmək üçün rahat divanlar yerləşmişdir. Ontario gölünün mənzərəsi isə möhtəşəm görüntü yaradır.
Madriddə meşə içində Selgas Cano studiyası
İnsana bundan da artıq sakitlik gətirən iş mühitini təsəvvür etmək çətindir. İspan memarlıq studiyası olan Selgas Canon-un ofisini sanki hər hansı bir meşənin mərkəzində yerləşdirib. Mümkündür ki, bu şirkətin əməkdaşları gün boyu iş şəraitində, yaxud meşədə dostları və ailələri ilə piknikdə olduqlarını ayırd edə bilməsinlər.
Bu çətin proyekti şirkət öz gücü hesabına ərsəyə gətirdi və bu portfolio üçün gözəl nümunədir.