Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydasında dəyişiklik ediləcək.
Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsinin tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə bilməyəcək.
Mövcud qanunvericiliyə görə, həmin əmək müqaviləsinin tərəflərdən birinin təşəbbüsü ilə yenidən tərtib edilməsi tələbi qoyula bilər.
Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir.
Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı gündən etibarlı hesab olunur.






