2025-ci ilin yanvar – noyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 733.6 milyon manat təşkil edib.
Banker.az bunu DVX-nin göstəricilərinə istinadən xəbər verir.
Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11.7 faiz və ya 601.3 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 12.3 faiz artaraq 3 milyard 832.2 milyon manat olub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 203.0 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10.4 faiz artım deməkdir. Qeyri-büdcə təşkilatları üzrə bu göstərici 11.4 faiz artaraq 155.0 milyon manat olub.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 1 milyard 6.3 milyon manat təşkil edib, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10.1 faiz artım deməkdir. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9.6 faiz artaraq 713.7 milyon manat olub.







