Azərbaycanda xidmətlərin ixracından əldə edilən gəlirlərin vergidən azad edilməsi üçün ortamüddətli dövrdə xarici təcrübə araşdırılacaq, uğurlu təcrübə hesab edildiyi təqdirdə milli qanunvericiliyə tətbiqi ilə bağlı məsələ qiymətləndiriləcək.
Bunu açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) baş idarə rəisi Nicat İmanov deyib.
“Bununüçün ilk növbədə aidiyyatı sahənin nümayəndələri ilə görüş keçiriləcək, beynəlxalq təcrübəyə baxılacaq. Hesab edirik ki, bu prosesin ölkəyə verəcəyi fayda çox dəyərlidir. Bu baxımdan bu prosesə müsbət yanaşa bilərik”, – N.İmanov bildirib.
DVX-nın baş idarə rəisi xatırladıb ki, bu ildən Azərbaycanda texnologiyalar parklarının informasiya və kommunikasiya sahəsində fəaliyyət göstərən rezidentlərinin texnoparkın ərazisindən kənarda, o cümlədən xaricdə gördükləri işlərdən əldə etdiyi gəlirlər vergidən azaddır: “Digər sahələrdə xidmətlərin ixracından əldə edilən gəlirlərə vergi güzəştinin verilməsi isə bizim diqqətimizdədir”.
Onun sözlərinə görə, bunun üçün müəyyən təhlillər aparılmalıdır: “Bu gün Vergi Məcəlləsində fiziki şəxslərin həm ölkə daxilində, həm də ölkə xaricində əldə etdiyi gəlirlər ümumi qaydada vergitutma obyektidir və xaricdə əldə edilmiş gəlirlərə görə tutulmuş vergilər Azərbaycanda bəyan edilərkən çıxılır. Yəni bir gəlir iki dəfə vergiyə cəlb edilmir”.
DVX-nın baş idarə rəisi qeyd edib ki, Azərbaycanda vətəndaşların xarici ölkəyə xidmətlərini ixrac etməsi informasiya və kommunikasiya sahəsində daha çox yayılıb: “Bundan irəli gələrək bu sahələrdə fəaliyyət göstərən sahibkarlar texnologiyalar parkında rezident kimi qeydiyyatdan keçdiyi halda onlara həmin texnoparkın ərazisindən kənarda vergi güzəştləri tətbiq edilir. Yəni əgər həmin sahibkarlar texnologiyalar parkının rezidenti kimi uçotdadırsa, onların onlayn şəkildə xaricdə gördükləri işlərdən əldə etdiyi gəlirlər vergidən azad edilir”.