7 C
Baku
Thursday, December 12, 2024

DW: ABŞ və Azərbaycan Rusiyanın Avropadakı qaz bazarını daraldacaq

2021-ci ilin əvvəlində Cənub-Şərqi Avropanın qaz bazarında elə üç hadisə baş verib ki, bunların Rusiyanın Gazprom şirkətinin bu regiondakı və bütünlükdə Avropa İttifaqındakı biznesi üçün uzunmüddətli nəticələri olacaq.

Deutsche Welle yazır ki, bunlardan yalnız biri Rusiya mediasında geniş işıqlandırılıb: yanvarın 1-də Serbiya prezidenti Aleksandr Vuçiç Rusiya qazının onun ölkəsinə yeni marşrutla – TürkAxını kəmərinin ikinci qolu olan Balkan axını kəməri ilə gəlməsinə təntənəli şəkildə start verib.

Lakin bu hadisədən bir neçə saat əvvəl, bitməkdə olan ilin son günündə Bolqarıstana Transadriatik kəməri – TAP-la Azərbaycan qazı gəlib.

Bu hadisənin əhəmiyyətini vurğulamaq üçün Bolqarıstanın baş naziri Boyko Borisov yanvarın 1-də Yunanıstanla sərhəddə yerləşən Kulata kəndindəki qaz kompressor stansiyasına baş çəkib və deyib: “Bugündən tam diversifikasiya!”.

Məqalədə deyilir ki, başqa sözlərlə, Bolqarıstan bazarında Gazprom şirkətinin monopoliyasına son qoyulub.

Yeni ilin üçüncü böyük hadisəsi isə Xorvatiya sahillərindəki Krk adası yaxınlığında maye qaz qəbul edən yeni üzən terminalın istifadəyə verilməsi olub.

Terminal ilk olaraq Amerika maye qazını daşıyan tankeri qəbul edib və ABŞ qazı Xorvatiyanın Avropa sisteminə bağlı milli qaz nəqli şəbəkəsinə axıb.

Gazprom şirkətinin Xorvatiyadakı monopoliyası da başa çatıb. Bundan sonra Xorvatiya öz qaz təchizatçılarını diversifikasiya edə, hətta, məsələn, Macarıstan və Ukraynaya da qaz verə biləcək.

Məqalədə deyilir ki, sözü gedən üç böyük hadisənin əhəmiyyətinin dərk edilməsi üçün Rusiya qazının Avropaya nəqlinin statistikasına baxılmalıdır.

Lakin müqayisə üçün 2020-ci yox, 2019-cu ilin rəqəmlərinə baxılıb. Beləki pandemiyaya görə 2020-ci ildə qaz təchizatı rəqəmləri real vəziyyəti əks etdirmir.

Deutsche Welle yazır ki, əslində Xorvatiya praktik olaraq Rusiya qazından imtina edə bilər.

Halbuki 2019-cu ildə Gazprom-un Balkan yarımadasındakı ən böyük müştəriləri Xorvatiya (2.82 milyard kubmetr), Yunanıstan (2.41 milyard kubmetr) və Bolqarıstan (2.39 milyard kubmetr) olublar. Serbiya (2.13 milyard kubmetr) bu siyahıda dördüncüdür.

Xorvatiyadakı maye qaz terminalının istismar gücü ildə 2.6 milyard kubmetrdir. Beləliklə Xorvatiya günü bugün Gazprom-un qazından imtina edə bilər.

Məqalədə deyilir ki, Xorvatiya bu addımı çox güman atmayacaq, amma bu ölkəyə axan Rusiya qazının həcmi nəzərəçarpacaq dərəcədə azala bilər.

Bütün hallarda Rusya şirkəti bundan sonra Xorvatiyada ciddi rəqabətlə üzləşəcək ki, təbii bu da qiymətləri təsirləndirəcək. Həm də rəqabət təkcə Xorvatiyada getməyəcək. Krk terminalından gələn maye qazın əhəmiyyətli və hətta əsas həcmləri ixraca gedəcək.

Ekspertlərin fikrincə burada əsas alıcıların arasında Macarıstan və Ukrayna ola bilər.

Maye qaz uzun müddətə gəlib

Məqalədə deyilir ki, Macarıstan Gazprom-un çox mühüm müştərisidir. 2019-cu ildə Rusiya bu ölkəyə 11.26 milyard kubmetr qaz satıb.

Rusiya ikinci TürkAxını kəməri ilə nəql olunacaq ildə 15.75 milyard kubmetr qazı məhz Macarıstana, oradan isə Avstriyaya göndərməyi planlaşdırıb.

Axı Bolqarıstan və Serbiya, o cümlədən Şimali Makedoniya və Bosniya-Herseqovina bu qədər qaz üçün çox kiçik bazarlardır.

Odur ki, Gazprom şirkətinin ötən il Türkiyə sərhədindən çəkdiyi Balkan Axını kəmərindən başlıca məqsəd onun Macarıstana çatdırılmasıdır. Belə görünür ki, bu, 2022-ci ildən tez baş verməyəcək.

Hələliksə, Gazprom əvvəllər olduğu kimi Macarıstan bazarını Ukraynadan keçən kəmərlə təchiz etməli olacaq. Amma indi bu bazarda Xorvatiya ilə rəqabət aparmaq lazım gələcək.

“Croatiaweek” saytının verdiyi məlumata görə Krk terminalının fasiləsiz işi qarşıdan gələn üç il üçün 100, 2027-ci ilədək 80, 2035-ci ilədək isə 50 faiz təmin edilib. Yəni bu rəqib uzun müddət üçün gəlib. Burası da var ki, maye qaz, təbii qazdan daha bahadır.

“Ən yağlı müştəri” – İtaliya

Əgər maye qaz terminalının işə düşməsi Gazprom üçün Xorvatiyadakı monopoliyasının itirilməsi, Macarıstanda isə rəqabətin güclənməsi deməkdirsdə, Cənub Qaz Dəhlizi Rusiya şirkətini Bolqarıstandakı monopoliyadan məhrum edəcək və onu Yunanıstan və İtaliyada rəqabətin artması ilə üzləşdirəcək.

Həm də bu halda təkcə, məsələn Qatar, Əlcəzair və ABŞ-ın maye qazı ilə yox, Azərbaycandan kəmərlə gələn daha sərfəli qazla rəqabət aparmaq lazım gələcək.

Cənub Qaz Dəhlizi iki kəmərdən ibarət sistemdir. Hələ 2019-cu ildə istifadəyə verilmiş TANAP Azərbaycan qazını Gürcüstan ərazisi ilə Türkiyənin Yunanıstanla sərhədinədək nəql edir. Bu nöqtədə kəmər artıq istifadə verilmiş TAP-la birləşdirilib. Bu kəmər Yunanıstan və Albaniya ərazisi, daha sonra isə Adriatik dənizinin dibi ilə İtaliyaya gedir.

TAP-ın tutumu ildə 10 milyard kubmetrdir və bunun ildə 8 milyard kubmetri İtaliya üçün nəzərdə tutulub. Halbuki İtaliya əhəmiyyətinə görə Gazprom şirkətinin Avropada Almaniyadan sonra ikinci böyük müştərisidir.

Gazprom 2019-cu ildə İtaliyaya 22.1 milyard kubmetr qaz nəql edib. İndi TAP-ın istifadəyə verilməsi nəzəri baxımdan Rusiya qazına olan tələbatı 30 faiz azalda bilər.

Azərbaycan və Bolqarıstan liderlərinin telefon söhbəti

Deutsche Welle yazır ki, Gazpromun daha ciddi itkiləri Balkanlarda ola bilər. Artıq 2021-ci ildə TAP kəməri ilə Yunanıstan və Bolqarıstana hərəsinə ildə 1 milyard kubmetr olmaqla qaz nəql ediləcək. Nəzərə alınsa ki, bu iki ölkə 2019-cu ildə Rusiyadan 2.4 milyard kubmetr qaz alıb, onda Gazprom şirkətinin bu bazardakı payı təxminən 40-45 faiz azala bilər:

“Bütün hallarda Bolqarıstan baş naziri Boyko Borisovun “tam diversifikasiya” barədə bəyanatı və onun Azərbaycan prezidenti ilə yanvarın 3-də yer almış telefon söhbəti zamanı İlham Əliyevi Bolqarıstana dəvət etməsi Sofiyanın Azərbaycandan maksimum mümkün həcmdə qaz almaq niyyətini göstərir”.

Buna baxmayaraq ola bilsin, Bolqarıstan 2021-ci ildə Azərbaycandan sırf texniki səbəblərlə 1 milyard kubmetr qaz ala bilməsin. Çünki payızadək TAP-la nəql olunan qaz Kulata kəndi yaxınlığındakı müvəqqəti nöqtədən keçəcək.

Beləki Yunanıstan və Bolqarıstanın qaz təchizatı sistemlərini birləşdirəcək 182 kilometrlik borunun çəkilişi 2020-ci ilin sonunadək başa çatmayıb. Lakin layihə gücü ildə 3 milyard kubmetr olan bu boru kəməri Sofiyaya TAP kəməri ilə Azərbaycan qazını tam həcmdə almaq və hətta Yunanıstandakı maye qaz terminalından qaz idxal etmək imkanı verəcək.

Azadliq.org

Son xəbərlər
Digər xəbərlər