27 C
Baku
Saturday, July 20, 2024

DYP-dan XƏBƏRDARLIQ: artıq bu bəhanələr bağışlanılmayacaq

Paytaxtın bəzi küçə və prospektlərində hərəkətin intensivliyinin artması müşahidə olunur. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov Banker.az-a bildirib ki, bu isə hər bir hərəkət iştirakçısından yol hərəkət qaydalarına daha çox məsuliyyətlə yanaşmağı tələb edir.

Yay mövsümü artıq başa çatır, bölgələrdə istirahət edən vətəndaşların Bakıya qayıtması başlayıb, bundan başqa yeni dərs ilinə sayılı günlər qalır. Bütün bu amillər paytaxt yollarında artıq indidən hiss olunur. Bəzi küçə və prospektlərdə hərəkətin intensivliyi nəzərəçarpacaq dərəcədə artıb.
Belə bir vəziyyətdə sürücülər dayanma-durma və parklanma qaydalarının pozulmasının tıxac və sıxlığa səbəb olduğunu mütləq nəzərə almalıdırlar.
Buna görə də parkinq ərazisində avtomobilin saxlanılması qaydalarına ciddi riayət edilməlidir. Avtobus dayanacağında, səkilərdə və yolların hərəkət hissəsində, ikinci cərgədə, yolların kəsişən hissələrində, piyada xətlərinin üzərində və təyin olunmayan digər ərazilərdə nəqliyyat vasitələrinin park edilməsi yol hərəkəti haqqında qanunun tələblərinin kobud şəkildə pozulmasıdır. Bu, inzibati məsuliyyət yaradır.

Ancaq məsələnin mahiyyəti yalnız qaydaları pozan sürücülərin inzibati məsuliyyət daşıması və nizam-intizamsız sürücülərin məsuliyyətə cəlb edilməsindən də ibarət deyil. Sürücülər anlamalıdır ki, dayanma-durma qaydalarını pozmaqla, onlar hərəkətin təhlükəsizliyinin təmin edilməsinə çətinlik yaradır, bütün hərəkət iştirakçılarına mane olurlar. Bir gün onlar başqalarının yolunu kəsirsə, onların rahat hərəkətinə maneə törədilirsə, növbəti dəfə eyni situasiya ilə özləri üzləşə bilərlər.
Avtomobil sahibləri və sürücülərin nəzərinə çatdırmaq istərdik ki, hazırda Bakıda yol hərəkətinin təmin edilməsində dayanma-durma və parklanma qaydalarına riayət edilməsi prioritet məsələlərdən biri kimi diqqətdə saxlanılır. “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsində dayanma-durma, 53-cü maddəsində isə parklanma qaydaları və tələblər əksini tapır.

V.Əsədov deyib ki, hər kəs qanunun bu tələblərini müzakirə etmədən birmənalı yerinə yetirməyə borcludur.
Onu da xatırladırıq ki, çox tez-tez sürücülərin ifadə etdikləri “bilmədim”, “bir dəqiqə saxladım”, “dərman alırdım”, “adam gözləyirəm”, “dükana getmişdim” kimi bəhanələr dayanma-durma və parklanma qaydalarını pozanları heç bir halda məsuliyyətdən azad etmir. Əgər bir sürücü bir istiqamətli iki hərəkət zolağı olan yolda yolun hərəkət hissəsində 30 saniyə dayanarsa, bu, 60-a yaxın avtomobilin 7-10 dəqiqə ləngiməsinə səbəb olur. Bu isə yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsində ciddi çətinliklər yaradır.

Xüsusilə, taksi fəaliyyəti ilə məşğul olan sürücülər nəzərə almalıdırlar ki, avtomobillərin hərəkəti kameralar vasitəsilə izlənilir, qanunun tələblərini pozduqları halda sürücülər barəsində təsirli tədbirlərin görülməsi mümkündür. Ayrıca, bununla bağlı Bakı Nəqliyyat Agentliyinin əməkdaşları ilə birgə taksi sürücülər üzərində nəzarət gücləndiriləcək.

Son xəbərlər
Digər xəbərlər