Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) avtomobillərlə səyahət turları təşkil edən şəxslərə müraciət edib.
Bu barədə idarədən məlumat verilib.
Bildirilib ki, hazırda səyahət məqsədilə regionlara təşkil olunan turların sayı mövsümlə əlaqədar olaraq əhəmiyyətli dərəcədə artmaqdadır:
“Belə səfərlər zamanı adətən qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərin xidmətlərindən istifadə edilir. Lakin, təəssüf ki, əksər hallarda qeyri-müntəzəm daşımalar zamanı avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş və istirahət rejiminə nəzarət olunmur, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə də dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır.”
Məlumatda qeyd olunub ki, baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədilə, fərdi qaydada ekskursiyalar təşkil edən şəxslərdən belə səfərləri yalnız bu sahədə ixtisaslaşmış turizm şirkətləri vasitəsilə həyata keşirmələri xahiş olunur.
“Eyni zamanda, avtobus və mikroavtobus sahiblərinin, eləcə də onları idarə edən şəxslərin nəzərinə çatdırılır ki, respublikanın avtomobil yollarında ayrı-ayrı şəxslərin təşəbbüsü ilə respublikanın regionlarına qanunsuz daşımaların təşkil edilməsi hallarının aşkar ediləcəyi təqdirdə həmin nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə sürücüləri barədə inzibati tənbeh tədbirləri görülücək. Ümidvarıq ki, səyahətdən öncə sağlamlığını düşünən hər bir şəxs verilən tövsiyələrə biganə qalmayacaq, daha təhlükəsiz gəzintiyə üstünlük verəcək”, – idarədən bildirilib.