Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib.
Müraciətdə deyilir:
“Respublikanın yerli və rayonlararası avtomobil yollarında mövcud qanunvericilikdə nəzərdə tutulmuş ölçü parametrlərini aşmaqla, qablaşdırılmamış, xüsusilə tezalışan yük kateqoriyasına aid olan ot bağlamalarından ibarət yüklərin daşınmasına görə ayrı-ayrı sürücülər haqqında çoxsaylı inzibati təsir tədbirlərinin görülməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də belə qayda pozuntularına yol verilməsi halları müşahidə olunur.
Qeyd olunanlar, habelə yüklərin bu şəkildə daşınmasının nəqliyyat vasitələrinin ağırlıq mərkəzinə təsiri nəticəsində yükün yola dağılması və ya avtomobilin özünün aşma ehtimalının yüksək olması nəzərə alınaraq, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə DİN-in Baş DYP İdarəsi bir daha yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, xüsusilə belə daşımaları həyata keçirən sürücülərin diqqətinə çatdırır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən sadalanan halların hər biri ciddi qayda pozuntusu hesab edilir və törədilmiş əməlin nəticəsindən asılı olaraq inzibati və ya cinayət məsuliyyəti yaradır.
DİN-in Baş DYP İdarəsi bir daha yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən yüklərin daşınması zamanı yükdaşıma normalarına və təhlükəsizlik tədbirlərinə riayət olunmasını xahiş edir”.