“Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Nazirlər Kabineti bu barədə qərar verib.
Sistem rəqəmsal və informasiya-kommunikasiya texnologiyaları vasitəsilə dövlət rüsumu tutan orqanların (qurumların) fəaliyyətini, eləcə də fiziki və hüquqi şəxslərlə qarşılıqlı əlaqələrin operativ, səmərəli və şəffaf olmasını təmin edir, habelə göstərilən xidmətlərin və saxlanılan məlumatların sistemli və əlçatan olmasına xidmət edir. Sistemin tətbiqi dövlət rüsumu üzrə daxilolmaların dövlət büdcəsinə köçürülməsi üçün “e-bildiriş”in təqdim edilməsini, aidiyyəti orqan (qurum) tərəfindən dövlət rüsumunun hesablanmış daxilolmaları ilə bağlı məlumatların real vaxt rejimində əldə edilməsini, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dair məlumatların qəbulunu və həmin müraciətlərə dair aidiyyəti üzrə baxılması prosedurunun səmərəliliyinin artırılmasını, dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə nəzarətin və uçotun təşkil olunması proseslərinin rəqəmsallaşdırılmasını və optimallaşdırılmasını, dövlət rüsumu üzrə hesablanmış daxilolmalar barədə hesabatlılığı təmin edir.
Sistemin sahibi və operatoru Maliyyə Nazirliyidir.Sistemin idarə olunması, inkişafı və fəaliyyəti ilə bağlı xərclər dövlət büdcəsi, qanunla nəzərdə tutulan hallarda xidmət haqqı və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.