E-ticarətin tətbiqi onlayn ödəmələrdə təhlükəsizliyin təmin edilməsini aktuallaşdırır.
“vergiler.az” saytı bildirir ki, Vergi Məcəlləsinə və “Elektron ticarət haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklərin mühüm müddəalarından biri də elektron ticarət qaydasında malların alışı istisna olmaqla, bütün xidmətlərin vergiyə cəlb edilməsidir. Qanuna əsasən, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ƏDV hesablanması və ödənilməsidir. Qeyri-rezidentlərə məxsus elektron “pul kisələri”ndə yaradılmış hesaba köçürülən vəsaitdən ödəməni həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi hesablanır və alıcının hesabından tutulur.
E-ticarətin geniş tətbiqi onlayn ödəmələrdə təhlükəsizliyin təmin edilməsini də aktuallaşdırır. Onlayn ödəmələrdə “3d security cod” tələb olunur və bu sistemin tam etibarlılığı e-ticarət əməliyyatlarında mühüm faktorlardan biridir. Azərbaycan banklarının bəzilərində bu təhlükəsizlik sisteminin, ümumiyyətlə, e-təhlükəsizliyin təmin olunması vətəndaşları qayğılandıran əsas məsələlərdəndir.
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov hesab edir ki, e-ticarət zamanı vergilərin hesablanması və tutulması üçün banklarda proqram istifadəyə verilib və artıq bu proses müvafiq qaydalar əsasında tənzimlənir.
Bank kartlarının təhlükəsizliyinin təmin edilməsi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilir.