Britaniya və ABŞ-nin bir qrup tədqiqat mərkəzi müəyyən sintetik kimyəvi maddələrin istifadəsinin dünya iqtisadiyyatına vurduğu zərərə dair hesabat hazırlayıb. Araşdırma investisiya şirkəti “Systemiq”in rəhbərliyi altında ABŞ-nin Profilaktik Tibb İnstitutu, Ətraf Mühit Sağlamlığı Mərkəzi və Dyuk Universiteti, həmçinin İsveçin Beynəlxalq Kimya Katibliyi və Böyük Britaniyanın Sasseks Universitetinin alimləri tərəfindən aparılıb.
Alimlər dörd kimyəvi maddə qrupunu araşdırıblar — ftalatlar, bisfenollar, pestisidlər və PFAS (\polifluoroalkil maddələr, “əbədi kimyəvi maddələr”). Hesabatda qeyd olunur ki, “onlar ən çox rast gəlinən və yaxşı öyrənilmiş maddələrdəndir” və eyni zamanda “onların sağlamlığa və ətraf mühitə zərəri barədə inandırıcı sübutlar mövcuddur”.
Araşdırmanın nəticələrinə əsasən, dörd toksik kimyəvi maddə qrupunun zərəri ilə bağlı səhiyyə xərclərinin ümumi həcmi ildə 1,4 trilyon dollardan 2,2 trilyon dollara qədər təşkil edir — bu, dünya ÜDM-nin təxminən 2–3%-inə bərabərdir. Bundan əlavə, onların hazırkı səviyyədə istifadəsi davam edərsə, ciddi demoqrafik problemlər yarana bilər, çünki bu maddələr xərçəng, nevroinkişaf pozuntuları və sonsuzluq kimi problemlərə səbəb olur.
Alimlər toksik maddələrin istifadəsinin ciddi şəkildə azaldılmasına və dövlət tənzimləməsinin sərtləşdirilməsinə çağırıblar. Daha əvvəl “Nature” jurnalı insan qanında “əbədi kimyəvi maddələr”in aşkarlanması probleminə diqqət çəkmişdi. O zaman tədqiqatçılar qeyd edirdilər ki, PFAS maddələrinin toksikliyi ilə bağlı elmi icmada vahid mövqe yoxdur.








