Azərbaycanda 2023-cü ildə qeyri-neft sektorunun postpandemiya dövründəki güclü impulsu iqtisadiyyatın sarsıntılara daha dayanıqlı olması məqsədilə onun davamlı şaxələndirilməsinə istiqamətləndirilməlidir.
Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) “Transition Report 2022-2023” hesabatında deyilir.
“Buraya rəqabətin tənzimlənməsi sisteminin gücləndirilməsi və iqtisadiyyatın bir çox sahələrində dövlətin iştirakının azaldılması daxildir. Maliyyə sektorunun xarici investisiyalar üçün açılması maliyyəyə çıxış imkanlarını yaxşılaşdıracaq, kiçik və orta müəssisələrin investisiya fəaliyyətlərini dəstəkləyəcək”, – hesabatda qeyd edilib.
EBRD-nin analitiklərinin fikrincə, iqtisadiyyatın karbonsuzlaşdırılması da Azərbaycan üçün əsas prioritet olmalıdır: “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı uzunmüddətli inkişaf planı çərçivəsində karbohidrogen ixracından asılılıqdan mərhələli şəkildə çıxmaq iqtisadiyyatın şaxələndirilməsinə töhfə verə bilər. Enerji resurslarının artan qiymətlərindən əldə edilən yüksək gəlirlər “yaşıl enerji”yə və iqlim dəyişikliyinin təsirinin yumşaldılmasına investisiyaların qoyulması üçün istifadə edilməlidir”.
Bankın analitikləri hesab edirlər ki, qeyri-enerji sektorunda ciddi göstəricilər sayəsində iqtisadi artım gözləniləndən yüksək olub: “2021-ci ildə COVID-19 pandemiyasından sonra ÜDM-in 5,6 %-lik güclü artımının bərpasından sonra iqtisadiyyat 2022-ci ilin yanvar-avqust ayları arasında illik 5,8 % artıb. Bu, qeyri-neft-qaz sektorunun 10,3 % səviyyəsində ciddi artımı sayəsində baş verib. Amma neft-qaz sektoru eyni dövrdə 2 % azalıb. Bu, təbii qaz hasilatının 11,3 % artmasına baxmayaraq, əsasən neft hasilatının 5,2 % azalması nəticəsində baş verib. Bununla belə, ixracda 2022-ci ilin yanvar-avqust ayları arasında nominal olaraq iki dəfə artmış karbohidrogenlər üstünlük təşkil etməkdə davam edir. Bu cari əməliyyatlar hesabının əhəmiyyətli profisiti ilə nəticələnib. Bu isə Avropa bazarında alternativ qaz tədarükünə yüksək tələbatdan irəli gəlir və buna Trans-Adriatik Boru Kəmərinin (TAP) 2020-ci ildə tamamlanması yardım göstərib”.
Hesabatda vurğulanılıb ki, enerji resurslarının qiymətlərinin artması, güman ki, qısamüddətli perspektivdə iqtisadi artıma dəstək verəcək: “İstehlakçılar yüksək qiymətlərlə üzləşdiyinə görə tələbin tədricən azalması səbəbindən güman ki, qeyri-neft-qaz iqtisadiyyatında artım cüzi olacaq. Amma enerji resurslarının qiymətlərinin və Azərbaycan təbii qazına tələbatın qısamüddətli perspektivdə yüksək olacağı gözlənilir. Bu 2022-ci ilin ikinci yarısında ümumi iqtisadi artımı dəstəkləyəcək”.
EBRD 2022-ci ildə Azərbaycanda ÜDM-in ciddi artımını 4,5 % səviyyəsində gözləyir, amma 2023-cü ildə isə artım tempinin 2,5 %-ə qədər azalacağını proqnozlaşdırır: “Əsas risklər inflyasiyanın davam etməsi, enerji resurslarının qiymətlərinin potensial olaraq aşağı düşməsi ilə bağlıdır. Amma yaxın illərdə Azərbaycan təbii qaz sənayesinə əlavə investisiya qoyuluşundan faydalana bilər, çünki Avropa İttifaqı Rusiya təbii qazından imtina edərək bu sahəni şaxələşdirməyə çalışır”.
Bankın analitikləri vurğulayıblar ki, təbii qaza artan tələbat və qeyri-enerji sektorunda istehsalın artması Azərbaycanın postpandemiya dövründə iqtisadi artımını dəstəkləyir.
“Hökumət qiymət artımının təsiri ilə mübarizə aparmaq üçün fiskal və monetar tədbirlərdən istifadə edir. 2022-ci ilin avqustunda inflyasiya illik müqayisədə 14,2 %-ə çatıb. Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb və hökumət yüksək qiymətlərin əhalinin həssas təbəqələrinə təsirini məhdudlaşdırmaq üçün minimum əmək haqqının, pensiyaların və sosial yardımın artırılması daxil olmaqla, bir sıra fiskal siyasət tədbirləri həyata keçirib.
Bundan başqa, ölkədə maliyyə xidmətlərinə çıxış imkanları genişləndirilib. Ölkə üzrə geniş filial şəbəkəsinə malik “Azərpoçt” milli poçt xidmətinə yerli banklar adından xidmətlər təklif edən agent kimi fəaliyyət göstərmək imkanı verilib. Üstəlik, iqtisadiyyatın rəqəmsallaşmasına töhfə verən distant bank xidmətləri də tətbiq edilib”, – EBRD-nin hesabatında qeyd olunub.