10 C
Baku
Wednesday, March 12, 2025

EBRD: Azərbaycan iqtisadiyyatında mikro, kiçik və orta biznesin payı əlavə dəyərin 15%-nə bərabərdir

Azərbaycanda mikro, kiçik və orta biznes (MKOB) ölkə iqtisadiyyatında əlavə dəyərin təxminən 15%-ni təmin edir.

Bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Mouravidze Bakıda keçirilən I Milli Maliyyə Əlçatanlığı Forumunda bildirib.

“EBRD Azərbaycanda ticarətin maliyyələşdirilməsi və mikro, kiçik və orta müəssisələrin kreditləşdirilməsi sahəsində fəaliyyətini genişləndirir. Yaxın illərdə biz tərəfdaşlarımızla birlikdə KOB-ların rəqabət qabiliyyətinin artırılmasına, “yaşıl maliyyələşdirmə” sahəsində təşəbbüslərin inkişafına, qadın sahibkarların dəstəklənməsinə və gənclərin məşğulluq imkanlarının artırılmasına xüsusi diqqət yetirəcəyik. Azərbaycanın mikro, kiçik və orta müəssisələri əhəmiyyətli, lakin hələ tam reallaşdırılmamış potensiala malikdir. Bu gün onlar iqtisadiyyatda əlavə dəyərin təxminən 15%-ni və yaradılan iş yerlərinin 50%-ni təmin edir, bu isə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv olan ölkələr üzrə orta göstəricidən xeyli aşağıdır”, – N.Mouravidze qeyd edib.

O vurğulayıb ki, bu seqmentdə bir çox müəssisələr ticarət, nəqliyyat, mehmanxana və restoran biznesi kimi aşağı əlavə dəyərə malik sahələrdə cəmləşib. Lakin, onun fikrincə, innovasiyalara yönəlmiş şirkətlər Azərbaycanın iqtisadi inkişafında növbəti mərhələnin lokomotivləri ola bilər.

“Rəqəmsallaşma bu transformasiyanın əsas amilidir. Texnologiyalar kiçik biznes üçün yeni imkanlar açır: səmərəliliyi artırır, bazarlara çıxışı genişləndirir və iri şirkətlərlə rəqabət üçün şərait yaradır. Avtomatlaşdırma, elektron ticarət, əşyaların interneti, mikro ödənişlər – bütün bunlar biznesi daha miqyaslı və rəqabətqabiliyyətli edir. Çeviklik və dəyişikliklərə sürətli adaptasiya KOB-a fayda verir. Biz rəqəmsal transformasiyaya can atan şirkətlərə təkcə maliyyə deyil, həm də məsləhət dəstəyi təqdim etməyimizdən qürur duyuruq”, – o əlavə edib.

Nümayəndəliyin rəhbəri həmçinin bankın Azərbaycanın maliyyə sektorunun gücləndirilməsinə sadiqliyini təsdiqləyib. “Yerli maliyyə institutlarının dəstəklənməsi bizim üçün ölkədə biznesin inkişafı ilə bağlı möhkəm təməlin yaradılması deməkdir”, – N.Mouravidze vurğulayıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər