Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı aktiv portfelinin həcmi 814 mln.avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici (iyunun 20-si) ilə müqayisədə 3.3% və ya 28 mln. avro azalıb. Layihələrin sayı isə 34-dən 33-ə enib.
Bu barədə EBRD-dən bildirilib.
Qeyd olunub ki, portfelin 88%-ni (716 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 8%-ni (67 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 4%-ni (31 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 1.8% azalaraq 741 mln.avro təşkil edib.
Beləliklə, EBRD bu günədək Azərbaycana 181 layihə çərçivəsində 3.513 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86.4 %-i (3.037 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 12%-i özəl sektorun payına düşüb.