18 C
Baku
Saturday, May 4, 2024

EBRD Azərbaycanda ilk EDGE sertifikatlı anbarın tikintisinə kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycana məxsus “West & East Forward” MMC-yə (WE Forward) və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində fəaliyyət göstərən “Alat Bay Industrial Development” şirkətinə 5 min ton tutumlu soyuq və quru anbarın tikintisi üçün 4 milyon ABŞ dolları kredit ayırıb.

Bu barədə EBRD məlumat yayıb.

Məlumata görə, kredit Azərbaycanın tranzit potensialının – idxal-ixrac yükdaşıma qabiliyyətini artırılması məqsədi ilə ayrılıb, Azərbaycanda kommersiya məqsədli soyuducu anbarların çatışmazlığını aradan qaldırmağa yönəlib. Bundan başqa, yeni anbar Gürcüstanın Qara dəniz limanları ilə Bakı Limanı arasında çatdırılma dəyərini və vaxtını azaltmaqla Azərbaycana və Azərbaycandan tranzit keçməklə yükdaşımaların artırılmasına hesablanıb. Bu, temperaturuna nəzarət edilən malların daşınması üçün daha az yük maşını səfərləri və nəticədə daha az karbon emissiyası deməkdir.

EBRD-nin vəsaiti tikinti layihəsində dayanıqlı soyuducu texnologiyasının və yaşıl elementlərin istifadəsini dəstəkləyəcək. Nəticə etibarilə, anbar Azərbaycanda ilk EDGE sertifikatlı (Excellence in Design for Greater Efficiency) bina olacaq.

“Dayanıqlı infrastrukturun dəstəklənməsi EBRD-nin Azərbaycanın “yaşıl iqtisadiyyat”a keçidi ilə yanaşı regional əlaqəni gücləndirməsinin yollarından biridir. Bank həmçinin Azərbaycanın logistika sektorunda gənclərin məşğulluğunu təmin etməklə fürsət bərabərliyi imkanlarını təşviq edəcək. Layihə, beynəlxalq sertifikatlı logistika idarəetmə proqramının hazırlanmasını və 40-ı qadın olmaqla 100 tələbənin təhsilinə dəstək vermək üçün nəzərdə tutulub. Bu, EBRD-nin FINTECC proqramı çərçivəsində təmin edilən Avropa İttifaqı Qonşuluq İnvestisiya Platformasının qrant maliyyəsi ilə tamamlanacaq”, – deyə məlumatda qeyd olunub.

EBRD Azərbaycanın aparıcı institusional investordur, 1992-ci ildən ölkədə fəaliyyət göstərir. Bank indiyə qədər Azərbaycanda maliyyə, korporativ idarəetmə, infrastruktur və enerji sektorlarından olmaqla ümumilikdə 181 layihəyə 3.1 milyard ABŞ dollarından çox sərmayə qoyub.

“West & East Forward” isə 1993-cü ildə yaradılıb, nəqliyyat xidmətləri provayderidir. Şirkət əsasən soyudulmuş və dondurulmuş məhsulların daşınması ilə məşğuldur. “Alat Bay Industrial Development” isə 2022-ci ildə yaradılıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər