Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda “yaşıl istiqraz”ların buraxılması üçün fəal şəkildə imkan axtarışındadır və bu istiqamətdə maraqlı tərəflərlə əməkdaşlığa hazırdır.
Bunu EBRD-nin Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter bildirib.
“Biz hələ ki, Azərbaycanda “yaşıl istiqrazlar” buraxmamışıq. Buna görə də bu, bizim üçün yaxşı çağırışdır. Biz artıq Gürcüstanda belə bir emissiya reallaşdırmışıq və ölkələr arasındakı dostcasına rəqabəti nəzərə alaraq, Azərbaycanda da ilk dəfə belə bir layihənin meydana çıxması məntiqlidir”, – o deyib.
İdarəedici direktor qeyd edib ki, bank maliyyə alətlərinin geniş spektrini təklif edir.
“EBRD-nin əsas üstünlüklərindən biri maliyyələşdirmənin təmin edilməsində yüksək çeviklikdir. Biz dövlət və dövlət şirkətləri, eləcə də özəl sektorla işləyirik və bu əməkdaşlıq yerli banklar vasitəsilə də həyata keçirilir. Bəzi hallarda səhmdar kapitalına da investisiya edə bilərik. Kapital bazarlarının istifadəsinə – xüsusilə “yaşıl istiqrazlar”ın buraxılmasına xüsusi diqqət yetiririk. Mümkün olan yerlərdə bu cür alətləri tətbiq etməyə çalışırıq”, – o vurğulayıb.
H.Karpenter xatırladıb ki, EBRD Azərbaycanda artıq bir neçə “yaşıl layihə”ni maliyyələşdirib.
“Məsələn, bu yaxınlarda Gəncənin Milli Su Agentliyinə şəhərin su təchizatı sisteminin inkişafı – əhalini təmiz içməli su ilə təmin etmək üçün obyektlərin tikintisi üçün maliyyə vəsaiti təqdim etmişik. Keçən il özəl şirkətlərə iri günəş elektrik stansiyalarının inkişafı üçün kreditlər vermişik.
Bundan başqa, bizim üçün birbaşa işləməyin çətin olduğu kiçik biznesin maliyyəyə çıxışını genişləndirmək məqsədilə Azərbaycanın iki bankı ilə müqavilələr bağlamışıq. Biz öz borcalanlarımızın kreditləşdirilməsi üçün yerli banklar vasitəsilə resurslar ötürürük”, – o əlavə edib.