12 C
Baku
Saturday, November 9, 2024

EBRD prezidentinin Azərbaycana səfəri planlaşdırılır

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil Reno-Basso sentyabrda Azərbaycana səfər etməyi planlaşdırır.

Bunu EBRD-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova bildirib.

“Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin sentyabrda Azərbaycana səfəri müzakirə olunur. Əsas diqqət Azərbaycanın ərzaq təhlükəsizliyi, nəqliyyat kommunikasiyaları və enerji sahəsində mühüm roluna yönəldiləcək”, – o deyib.

K. Mahmudova, həmçinin bildirib ki, EBRD Azərbaycanda ilk dəfə olaraq “STAR Ventures” layihəsinə start verir: “Bu layihə Azərbaycanda startapların potensialının açılmasına istiqamətlənib”.

Bundan başqa, EBRD tezliklə Azərbaycanla günəş və külək enerjisi sahəsində iki yeni layihəyə imza atacaq.

Xatırladaq ki, EBRD Xızı və Abşeron rayonlarında yerləşən 240 MVt gücündə olan külək elektrik stansiyasının inkişafı, tikintisi və istismarı üçün 105 milyon ABŞ dollarına qədər uzunmüddətli kredit ayıracaq. Kreditin iyulun 20-də EBRD-nin Direktorlar Şurası tərəfindən təsdiqlənməsi gözlənilir. Layihənin ümumi dəyəri 300 milyon ABŞ dolları təşkil edir.

Bu ilin may ayında EBRD-nin Direktorlar Şurası Qaradağ Günəş Elektrik Stansiyasının inkişafı, tikintisi və istismarı üçün 51 milyon ABŞ dollarına qədər uzunmüddətli krediti təsdiqləyib. Layihənin ümumi dəyəri 250 milyon ABŞ dolları təşkil edir.

EBRD Azərbaycanda mühüm institusional investordur. Bu günə qədər Bank ölkəyə 181 layihə vasitəsilə 3,5 milyard avrodan çox sərmayə yatırımı edib. Bankın ölkədəki strategiyası Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorlarında özəl sektorun inkişafına kömək etmək səylərinə yönəlib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər