“Avropa Mərkəzi Bankı (ECB) hazırda mövcud olan monetar siyasətindən bu ilin payız aylarında vaz keçəcək, lakin prosesin tamamlanması uzun müddət çəkəcək”. “Bloomberg” agentliyinə istinadən, bu açıqlama ilə Londonda yerləşən “Oxford Economics” araşdırma şirkətinin Makroiqtisadi proqnozlar Departamentinin rəhbəri Ceyms Nikson (James Nixon) çıxış edib.
C.Nikson bildirib ki, ECB 2007-ci ilin maliyyə böhranının aradan qaldırılması üçün bank sisteminə ilk olaraq 95 mlrd. avro (112 mlrd. ABŞ dolları) həcmində kredit ayırıb. Daha sonra 2,3 trln. avroya qədər yüksələn istiqraz alışı proqramı nəticəsində avrozona iqtisadiyyatı bərpa olunmağa başlayıb. Hazırda ECB-nin normal monetar siyasət proqramına geri qayıtması gözlənilir.
Qeyd edək ki, ECB ilə yanaşı sentyabr ayında ABŞ Federal Ehtiyat Sisteminin (FED) balansını azaldaraq monetar ekspansiya proqramını başa çatdırması gözlənilir. Hər iki bankın belə bir qərarı təxminən eyni vaxtda verməsi bu ölkələrin valyutalarının məzənnəsində ciddi dəyişiklik yaratmayacağı gözlənilir. Lakin bu banklardan hər hansı biri ekspansiyanı sona çatdıra, digəri isə bu qərarını gecikdirərsə, o zaman ilk qərar verən bankın aid olduğu bölgənin valyutası ciddi möhkəmlənə bilər. Buna səbəb, həmin bölgədə likvidliyin azalması səbəbindən faizlərin artması göstərilir.