Avropa Mərkəzi Bankının (ECB) martın 8-də keçirəcəyi növbəti monetar siyasət iclasının nəticələri və iclasdan sonra bankın rəhbəri Mario Draqinin mətbuat konfransında səsləndirəcəyi fikirlər avronun məzənnəsinə ciddi təsir edəcək.
Report-un analitik qrupu hesab edir ki, iclasda ECB-nin uçot dərəcəsini dəyişməsi gözlənilmir.
Yəni uçot dərəcəsi 0%, depozit faizləri -0,4%, marjinal borcvermə faizi isə 0,25% səviyyəsində təsdiqlənəcək.
İclasdan 45 dəqiqə sonra, yəni Bakı vaxtı ilə saat 17:30-da Mario Draqi mətbuat konfransı keçirəcək. Onun inflyasiyanın sürətlənməsi və 2,5 trln. avro (3,07 trln. dollar) məbləğində mövcud monetar stimullaşdırma proqramını nə zaman dayandırması ilə bağlı fikirlər səsləndirməsi gözlənilir.
Analitik qrup son zamanlar qlobal maliyyə bazarlarında baş verən kəskin dalğalanmalar fonunda ECB-nin gözləmə mövqeyi tutacağını proqnozlaşdırır. Qurumun yay mövsümünə qədər monetar siyasətində dəyişiklik etməsi gözlənilmir. Yalnız bundan sonra monetar stimullaşdırmanın dayandırılması barədə konkret tarixin açıqlanması mümkün ola bilər. Mətbuat konfransında ECB-nin yeni makroiqtisadi proqnozlar verməsi gözlənilir. Burda da ciddi dəyişikliklər olacağı gözlənilmir.
Qeyd edək ki, 2017-ci ilin oktyabr ayında ECB, aylıq istiqraz alışı proqramını 60 mlrd. avrodan (73,7 mlrd. dollar) 30 mlrd. avroya (36,85 mlrd. dollar) endirib, lakin inflyasiyanın səviyyəsinin aşağı olması səbəbindən monetar stimullaşdırmanın müddətini 2018-ci ilin sentyabr ayının sonuna qədər uzadıb.
Analitik qrup, ECB-nin iclası ərəfəsində və sonra avronun ucuzlaşacağını proqnozlaşdırır. Bu həftə ərzində USD/EUR nisbəti 1,2-yə düşə bilər. Amma, məzənnədə ciddi trendin başlaması gözlənilmir. İl ərzində USD/EUR nisbətinin 1,19-1,27 diapazonunda qalması proqnozlaşdırılır. 2019-cu ildə məzənnənin paritetə, 2022-ci ilə yaxın bir dövrdə USD/EUR nisbətiniun 0,84-ə düşməsi yüksək ehtimal olaraq ortaya çıxır. 2022-ci ilə yaxınlaşdıqca ABŞ-da uçot dərəcəsinin 6-8% səviyyəsinə yüksəlməsi gözlənilir.