Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Mario Draqi rəhbərlik etdiyi qurumun bu gün keçirilmiş iclası ilə bağlı açıqlama verib.
Rusiya mətbuatına istinadən, o, avrozona iqtisadiyyatının geniş miqyaslı və güclü olduğunu deyərək ECB-nin avronun məzənnəsindəki volatillikdən narahat olduğunu, prosesi izlədiyini və bunu qeyri-müəyyənliyin mənbəyi hesab etdiyini bildirib. Bununla yanaşı, M.Draqi iqtisadi artım tempinin inflyasiyanı sürətləndirə bilmədiyini, buna görə də monetar stimullaşdırma proqramına ehtiyac olduğunu qeyd edib.
ECB sədri çıxışında həmçinin 2017-ci il üçün iqtisadi artım proqnozunu 1,9%-dən 2,2%-ə yüksəldib, 2018-ci il üçün isə 1,8%-də saxlayıb. O, inflyasiyanın bu ilin sonuna bir qədər azalacağını və 1,5% təşkil edəcəyini, amma baza inflyasiyanın ortamüddətli perspektivdə yumşaq templə artacağını deyib, 2018-ci il üçün inflyasiya proqnozunu 1,3%-dən 1,2%-ə endirilib.
ECB rəhbərinin açıqlamalarından sonra USD/EUR nisbəti 1,205-ə yüksəlib. “Report”un analitik qrupu hesab edir ki, avronun bahalaşmasına əsas yoxdur, hazırki məzənnə artımı spekulyativdir, amma ilin sonuna qədər 1 avronun 1,23 dollara bərabər olması mümkündür.