6 C
Baku
Wednesday, January 7, 2026

Economist: Tramp administrasiyası Qrenlandiya üzrə saziş layihəsi hazırlayır

ABŞ prezidenti Donald Trampın administrasiyası Qrenlandiya ilə bağlı razılaşma layihəsi üzərində işləyir və bu layihə adanın hakimiyyət orqanlarına təklif oluna bilər. Bu barədə Britaniyanın The Economist jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Vaşinqtonda Azad Assosiasiya Müqaviləsinin bağlanması variantı müzakirə olunur. Bu cür saziş Qrenlandiya əhalisinin həyat səviyyəsinin yüksəldilməsini nəzərdə tutur. ABŞ-nin Mikroneziya, Marşall Adaları və Palau ilə artıq oxşar razılaşmaları var: Vaşinqton maliyyə dəstəyi göstərir, tərəfdaşlar isə daxili özünüidarəni qorumaqla müdafiə məsələlərini ABŞ-yə həvalə edirlər.

The Economist qeyd edir ki, Tramp administrasiyasının Qrenlandiya ilə bağlı siyasəti iki məqsəd güdür: Danimarka ilə Qrenlandiya arasında fikir ayrılıqlarını dərinləşdirmək və Kopenhageni kənarda qoyaraq ada hakimiyyəti ilə birbaşa razılığa gəlməyə cəhd etmək. Bununla yanaşı, jurnal adanın “birbaşa anneksiyasını” az ehtimallı hesab edir və vurğulayır ki, ABŞ-nin iddiaları Avropa ölkələrinin liderləri arasında narahatlıq doğurub.

Nəşr xatırladır ki, Qrenlandiyada artıq ABŞ-nin hərbi bazası yerləşir və Danimarka ilə mövcud razılaşmalar Amerika qoşunlarının sayını məhdudlaşdırmır. Lakin onların sayının əhəmiyyətli dərəcədə artırılması, ehtimal ki, Kopenhagenin razılığını tələb edəcək. Yanvarın 4-də Donald Tramp ABŞ-nin milli təhlükəsizlik baxımından Qrenlandiya üzərində nəzarətə ehtiyac duyduğunu bildirmişdi. Onun sözlərinə görə, adanın ətrafında “Rusiya və Çin gəmiləri hər yerdədir”.

Son xəbərlər
Digər xəbərlər