Azərbaycanın “ƏDV geri al” layihəsinin əhatəsi daha da genişlənərək bərbərxana, gözəllik salonları və kosmetoloji mərkəzlərin göstərdiyi xidmətlər üçün də “ƏDV geri al” mexanizmi tətbiq ediləcək.
Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qayda 2026-cı il yanvarın 1-dən tətbiq ediləcək.
“ƏDV geri al” layihəsi fiziki şəxslərə pərakəndə ticarət, iaşə və digər müəyyən xidmətlər üçün ödənilmiş ƏDV‑nin bir hissəsini geri qaytarmağı nəzərdə tutur. Nağdsız ödənişlərdə təxminən 17,5 %, nağd ödənişlərdə isə 5 % ƏDV istehlakçıya qaytarılır.
DVX bildirir ki, 2020-ci ildən tətbiq edilən layihə nağdsız ödənişlərin artmasına və dövriyyələrin şəffaflaşmasına töhfə verir. Son illər fiziki şəxslər tərəfindən bina tikintisi, teatr, muzey və sərgi biletləri, simfonik orkestr, film nümayişi, eləcə də tibbi xidmətlər üçün ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması imkanları yaradılıb.
Yenilik həm istehlakçıların hüquqlarının qorunmasını, həm də həmin sahələrdə şəffaflığın artırılmasını hədəfləyir və vergi nəzarətinin səmərəliliyinə töhfə verəcək.






