Əfqanıstan–Pakistan sərhədində döyüş əməliyyatları yenidən alovlanıb. Əfqanıstan Silahlı Qüvvələri Pakistandakı hərbi hədəflərə aviazərbələr endirib. Bu barədə İslam Əmirliyinin Müdafiə Nazirliyi məlumat yayıb.
“Milli müdafiə nazirliyinin qüvvələri İslamabaddan çox da uzaqda yerləşən Nouşera şəhərindəki hərbi düşərgəyə aviazərbələr endirib”, — deyə Əfqanıstan qurumunun mətbuat xidməti “X” sosial şəbəkəsində bildirib.
Əfqanıstan Müdafiə Nazirliyinin açıqlamasına görə, yeni zərbələr Pakistan silahlı qüvvələrinin Kabilə və ölkənin cənubundakı Qəndəhar vilayətindəki hədəflərə hücumlarına cavab olub. Qurum iddia edir ki, Pakistan fevralın 26-da Əfqanıstan ərazisinə zərbələr endirib.
Əfqanıstan Silahlı Qüvvələri bəyan edib ki, Pakistana qarşı zərbələr uğurla həyata keçirilib və “Pakistan ordusunun əsas hərbi obyektləri, mərkəzləri və qurğuları məhv edilib”.
Fevralın 26-sı axşam saatlarında Əfqanıstan Silahlı Qüvvələri Pakistanın sərhədyanı bölgələrində hücum xarakterli hərbi əməliyyata başladığını elan edib. Buna cavab olaraq İslamabad Əfqanıstandakı sursat anbarına zərbə endirib, bir neçə saat sonra isə Kabilə aviazərbələr həyata keçirib. Pakistanın müdafiə naziri Xavaca Asif Əfqanıstanla qarşıdurmanı açıq müharibə adlandırıb.
Fevralın 27-si səhər saatlarında isə Əfqanıstan Müdafiə Nazirliyi Kabilin Pakistandakı hərbi əməliyyatı başa çatdırdığını bəyan edib.






