Azərbaycanda yerli banklar Mərkəzi Bankın sərt monetar siyasəti fonunda depozitlər üzrə faizləri son 5 ilin maksimum həddinə qədər artırıblar.
Banker.az və qarant.az-ın birgə araşdırmasına əsasən, milli valyutada olan depozitlərin illik gəlirlilik dərəcəsi fiziki şəxslər üçün 9.54 faizə qədər yüksəlib ki, bu da təkcə son bir ildə depozit faizlərinin 31 baza bəndi artımı deməkdir. Əhali üçün xarici valyutada cəlb edilən depozit faizləri isə 2.83 faizə qədər qalxıb ki, bu da ilin əvvəlindən 79 baza bəndi artımdır.
Beləliklə, əhalidən cəlb edilən depozitlərin milli valyutadakı orta faiz gəlirliliyi 2019-cu ilin noyabrı, xarici valyutada isə həmin ilin əvvəlindən bu tərəfə maksimum həddə qalxıb.
Hazırda 1 noyabr 2024-cü il tarixinə banklarda əhalinin 13.969 mlrd. manat depozitinin 8.315 mlrd. manatı müddətlidir.
Azərbaycanda 2022-ci ildə yüksələn inflyasiya fonunda Mərkəzi Bank pul-kredit siyasətini sərtləşdirmişdi, hansı ki dünyanın əksər mərkəzi bankları bu addımı qiymət artımlarını cilovlamaq yolunda atmışdı. AMB son üç iclasda faiz parametrlərinin heç birinə toxunmayıb. Azərbaycanda uçot faiz dərəcəsi həmişə diqqət mərkəzində olaraq müzakirə edilsə də, əsas təsiredici amil məcburi ehtiyat normalarının olması görülməkdədir. Mərkəzi Bank differensial qaydada məcburi ehtiyat normaları üçün bunu tətbiq etməyə başlayıb ki, nəticədə portfelindəki iri “xərcsiz” depozitlərin bir hissəsini hərəkətsiz hala gətirib. Bu da o deməkdir ki, sistem əhəmiyyətli banklar da maliyyə mənbəsi kimi əhalidən vəsait cəlbi üçün cəlbedici faizlər təklif etməyə meylli olurlar. Tənzimləyici bununla bazardakı avtonom faktorların təsiri azaltmaq və faizlərin işə düşməsini təmin etmək istəyir.
İndiyə qədər illik 5-6 faiz illik gəlirlilik təklif edən banklarda hazırda orta faizlər 11 faizə qalxıb. Hətta 18 ay üzərində 12 faiz gəlirlilik təklif edirlər ki, bu da sığortalanan əmanət üçün tavan gəlirlilik dərəcəsidir.
Sabit məzənnə yerli bankların xarici valyutada da depozit cəlb etməkdə iştahını artırmaqdadır. Bir sıra banklar xarici valyutada olan depozitləri cəlb etməklə onu svopla manata da çevirmə imkanından əldə edir.
Fond bazarında əsas alıcı qismində çıxış edən bankların dövlət istiqrazlarına son ildə marağı aşağı görünür. Dövlət istiqrazlarının hər bir tədavül müddəti üzrə gəlirlilik dərəcəsi 9-10 faiz aralığına yüksəlib. Onların qiymətli kağızlar portfeli ilin ikinci yarısından bu tərəfə 7.514 mlrd. manatdan 7.352 mlrd. manata düşüb. Buna qədər bu portfel artan xətlə gedirdi.