11 C
Baku
Tuesday, November 19, 2024

Ehtimalsızlıq nəzəriyyəsi: bizi risk etməyə vadar edən nədir?

Biz hər gün risk edirik: marşrut seçəndə, məzuniyyətimizi planlaşdıranda və ya daşımaz əmlak alanda. Lakin həyatda digər situasiyalar da olur – məsələn, cinayət törətmək və ya qanundan yayınmaq cəhdləri. İqtisadçı Ellison Şraqer həm gündəlik xırda şeylərdə, həm də həyatı dəyişdirən qərarlarda riskləri düzgün qiymətləndirməyimizə mane olan səbəbləri müzakirə edir.

İndiyə qədər olan ən böyük cekpot Powerball-dur. Onu hər kəs ala bilər. Tutaq ki, mağazadakı kassada növbədə durmusunuz və belə bir reklam görürsünüz: “Oynamasan, qazanmazsan”. Nəticədə bilet alırsınız.

Əslində lotereyada iştirakınız udmaq şansınızı artırmır. Riyazi olaraq sıfır və birin sonsuz böyük bir rəqəmlə nisbəti arasındakı fərq çox kiçikdir. Onu əhəmiyyətli hesab etmək olmaz. Buna baxmayaraq, biz bu informasiyanı fərqli qəbul edirik, çünki lotereya biletinin alışı kiçik də olsa, udmaq şansını yaradır.

Ehtimalın hesablanması çox vaxt məlumatların bizə necə təqdim olunmasından asılıdır. Əgər reklamda “Onsuz da demək olar ki, udmaq şansınız yoxdur” yazılsaydı, çox güman ki, bilet almayacaqdınız.

Lotereya – insanların həqiqi vəziyyətin nə olduğunu bildikləri, lakin şanslarının daha yüksək olduğuna inandıqları hallardan yalnız biridir. Riskli qərar qəbul etdikdə, mümkün olan bütün nəticələrin ehtimalını ölçmək məntiqli olardı. Ancaq seçimimizi düşünəndə həqiqi ehtimallar və gözləntilər çox vaxt üst-üstə düşmür.

Məsələn, cinayətkarlar risklərin hesablanmasında böyük səhvlərə yol verirlər. İnsanlar qanunu müxtəlif səbəblərdən pozurlar: ümidsizlik, pis niyyətlər, şiddət ehtirası, xəsislik, gənclik impulsu və qanunu yollarla pul qazana bilməmək. Bununla belə, bütün cinayətkarların – on səkkiz yaşlı narkotik alverçisindən əlli beş yaşlı ofis işçisinə qədər – ortaq cəhəti var. Onlar hamısı tutula bilər, amma tutulmayacaqlarını düşünürlər.

1970-1980-cı illərdə Nyu-York şəhərində olmusunuzsa, yəqin ki, Crazy Eddie elektronika mağazasını görmüsünüz. Mağazanı Eddi Antar, onun əmisi oğlu və atası açmışdı. Onlar çox maraqlı reklam kampaniyası ilə məşhur olmağı bacardılar. Yerli radio işçisi Cerri Kerroll yüksək səslə ucuz elektronika haqqında məlumat verirdi və nitqini bu ifadə ilə tamamlayırdı: “Crazy Eddie! SOOOON DƏRƏCƏDƏ UCUZ QİYMƏTLƏR!”.

Sonda Crazy Eddie-nin böyük bir cinayət sxeminin olduğu ortaya çıxdı. Mağazalar elektronikanı ucuz qiymətə satırdılar və pulu bu şəkildə qazanırdılar: hesabatlarda gəliri aşağı salırdılar və gəlir vergisini öz ciblərinə qoyurdular. Bu sxem Antar ailəsinə yaxşı qazanc gətirdi (təxminən 7 milyon dollar), lakin onlar bununla kifayətlənmək istəmirdilər.

Şəbəkəni açdıqdan iki il sonra Eddi on dörd yaşlı əmisi oğlu Sem Antarı anbara işə düzəltdi. “Mən ailədə ağ qarğa kimi idim, – deyə Sem danışır. – On iki yaşım olanda The Wall Street Journal qəzetini oxuyurdum”. Eddi genişmiqyaslı saxtakarlıq sxemini həyata keçirmək üçün əmisi oğlunun təhsil haqqını ödədi. O, şirkətdə mühasibatçı olmalı idi.

Həqiqətən dəlilikdir

1979-cu ildə kolleci bitirdikdən sonra Sem Antar ailəsini topladı və planını danışdı. O, Crazy Eddie-ni ictimai şirkət halına gətirmək qərarına gəldi. IPO-ya hazırlaşmaq üçün bir neçə il lazım idi. IPO zamanı səhmlərin qiyməti nə qədər yüksək olsaydı, Antarlar ailəsi də bir o qədər böyük qazanc götürəcəkdi. Bu məqsədə çatmaq üçün onlar real gəlirlərini etiraf etməyə və daha çox gəlir vergisi ödəməyə başladılar. Artan gəlir investorları cəlb edirdi və səhmlər get-gedə bahalaşırdı.

Vergidən yayınaraq biznes qurmaq çox risklidir. Lakin bu biznesi ictimailəşdirmək – riskin başqa bir səviyyəsidir. Yoxlamalar aparan qurumlar onu daha yaxından nəzərdən keçirirməyə başlayırlar və vəziyyətə nəzarət zəifləyir. Mən Antardan bu riskləri 1979-cu ildə müzakirə edib-etmədiyini soruşdum. Sem mənə mənfi cavab verdi və dedi: “Biz 1969-cu ildən bu işlə məşğul idik. 1979-cu ildə bu qədər vaxtdan sonra bəxtin bizdən üz döndərəcəyini təsəvvür belə etmirdim. Təbii ki, hər şeyin uğurlu başa çatacağını düşünürdüm”.

Fəaliyyətinin zirvəsində Crazy Eddie 43 mağazaya sahib idi və ildə təxminən 353 milyon dollar gəlir əldə edirdi. Kağız üzərində manipulyasiya sayəsində hər şey daha yaxşı görünürdü. Antarlar şirkətdəki paylarını satmağa davam edirdilər və ciblərinə 60 milyon dollardan çox pul qoyurdular.

Ancaq biznes genişləndikcə təzyiq də artırdı. Pərakəndə ticarət artıq əvvəlki kimi gəlirli deyildi və Antarlar daha böyük riskə getdilər. Onlar 1970-ci illərdə qazandıqları pulları Panamadan ABŞ-a köçürdülər və gəlirlərini şişirtməyə başladılar.

1987-ci ildə Crazy Eddie milyonlarla dollar itki versə də, 20.6 milyon dollar qazandığını etiraf etdi. Səhmlərin qiyməti 21.65 dollardan 5 dollara düşdü. Antarlar şirkəti satın almağa çalışdılar, lakin bunun üçün pul tapa bilmədilər. Digər investor onlardan daha sürətli oldu və çox keçmədən Antarları rəhbərlikdən uzaqlaşdırdı. Təxminən iki həftə sonra yeni sahiblər Crazy Eddie şirkətinin ehtiyatlarının olduğundan yüksək qiymətləndirildiyini aşkar etdi. Yalanın üstü açıldı.

Eddi İsrailə qaçdı, lakin orada həbs olundu. Sem Antar ailəyə qarşı çıxdı, ABŞ-ın Federal Araşdırmalar Bürosu, o cümlədən Qiymətli Kağızlar və Birjalar Komissiyası ilə əməkdaşlıq etməyə başladı. O, cərimə və altı aylıq ev dustaqlığı cəzası ilə bu işdən yaxa qurtara bildi.

Cinayət fəaliyyəti cinayətkarları riskləri qiymətləndirməyə məcbur edir. Söhbət etdiyim bütün keçmiş məhkumlar qurduqları strategiyalardan qürurla danışırdılar. Onu deyə bilərəm ki, cinayətkarlar ağılla risk edən insanlara bənzəmirlər. Çox güman ki, qanunu pozmaq qərarının özü də son dərəcədə yüksək riskdir. Lakin insanlar bu seçimi hər gün edirlər, çünki həbs olunma ehtimalını olduğundan daha aşağı qiymətləndirirlər.

Hamımız ehtimalları zəif başa düşürük

Bəlkə, kütləvi cinayətkarlıq haqqında düşünməmisiniz, lakin şübhəsiz ki, riskin əsassız olacağı ehtimalını dəfələrlə qiymətləndirmisiniz. Bu, uzunmüddətli planlaşdırma da ola bilər. Məsələn, Hollivuda köçmək və film ulduzu olmaq arzusu. Bir hadisənin baş vermə ehtimalı (Oskar almaq) riski neçə ölçdüyümüzü müəyyən edir. Əksər hallarda olduğu kimi qiymətləndirmə səhvdirsə, ən düşünülmüş plan belə uğursuz ola bilər.

Məsələn, 2001-ci il 11 sentyabr hadisəsindən sonra çoxları təyyarə ilə uçmaqdan qorxurdu və maşınla səyahət etməyi üstün tuturdu. Lakin statistikaya görə, avtomobil daha təhlükəli nəqliyyat vasitəsidir. Araşdırmalardan birində göstərilir ki, 11 sentyabr hadisəsindən sonra uçmaq qorxusu təxminən 1600 insanın həyatına son qoydu.

İnsanların böyük riskə getmələrinin səbəbləri aşağıdakılardır:

1. Etibarlılığı olduğundan daha yüksək qiymətləndiririk. Bu kimi hallarda qərarın hər hansı bir risk ehtiva etməsi ağla gəlmir. Məsələn, ev alarkən qiymətlərin artacağını düşünürük. İnsanlar özlərini başqalarından daha gözəl və istedadlı hesab etdikləri üçün Hollivuda köçürlər.

2. Az ehtimal olunan hadisələri olduğundan daha yüksək qiymətləndiririk. Bir çoxları avtomobil qəzalarında daha çox insanın öldüyünü bilsə də, təyyarə ilə uçmaqdan qorxur. Təyyarədə qəzaya düşmək – dəhşətli ölümdür, buna görə də bu hadisənin baş vermə ehtimalını olduğundan daha yüksək qiymətləndiririk.

3. Olmayan yerdə korrelyasiya görürük. Məsələn, pokerdə bir neçə dəfə udduqdan sonra bəxtli olduğunuzu düşünürük. Bu o deməkdir ki, növbəti oyununun uğurlu olacağına əminik. Əslində isə hər növbəti oyunun əvvəlki ilə heç bir əlaqəsi yoxdur.

4. Cox və ya az ehtimal olunan hadisələrə daha çox əhəmiyyət veririk. Bununla yanaşı, bu sərhədlər arasındakı hadisələrə heç bir əhəmiyyət vermirik. 0 ilə 50% arasındakı ehtimal çox böyük görünür, çünki əlavə fürsət yaradır. Eyni zamanda 100 ilə 95% arasındakı fərq də əhəmiyyətli kimi qiymətləndirilir, çünki riskin mövcud olmadığını nəzərdə tutur. Lakin 50 ilə 55% arasındakı fərqi çox az insan nəzərə alır, baxmayaraq ki, 5% artım hər şərtlə bərabər dəyərə malik olur.

Sosioloqlar beş il ərzində Arizona ştatının Marikopa və Pensilvaniya əyalətinin Filadelfiya dairəsindəki yetkinlik yaşına çatmayan və cinayət törədən 1354 uşaq arasında sorğu keçirdilər. Respondentlərdən dava, odlu silahla soyğunçuluq, bıçaqlama, oğurlama, vandalizm və digər ağır cinayətlərə görə həbs olunma ehtimalını necə qiymətləndirdikləri soruşuldu. Daha sonra yeniyetmələr hansı cinayət törətdiklərini izah etdilər. Əgər qanunu pozmaq qərarına həbs olunma riskinin artması təsir etsəydi, yaxalanma ehtimalı da 1% artardı. Ancaq insanlar daha mürəkkəbdirlər.

Nəticələr sorğuda iştirak edən gənclərin riski xətti olaraq qəbul etmədiyini göstərdi. Əgər tutulma ehtimalı 10%-dən 20%-dək artırdısa, cinayət də eyni ehtimalla törədilirdi. Lakin tutulma ehtimalı 85%-dən 95%-ə yüksəlirdisə – bu, yeniyetmələri daha çox qorxuzurdu.

Hamımız zaman-zaman ehtimalları səhv başa düşürük. Lakin bu o demək deyil ki, riski olduğundan yüksək və ya aşağı qiymətləndirməyə məhkumuq. Bir hadisənin baş vermə ehtimalı onun necə təsvir etməyimizdən aşlıdır. Və burada düşündüyümüzdən daha böyük gücə sahibik.

Vəziyyəti necə ələ almaq olar

Ehtimalların dəqiq ölçülməsi – olduqca yeni bir ixtiradır. İnsanlar riski yalnız bir neçə yüz il əvvəl qiymətləndirməyi öyrəniblər. Təəccüblü deyil ki, beynimizin riski maliyyə iqtisadçıları kimi hesablamır: bu ona xas deyil.

Psixoloq Qerd Qiqerentser vurğulayır ki, bəzi insanlar ehtimalı hesablamağı bacarmırlar. Ancaq bu, onları riski başa düşə bilmədikləri anlamına gəlmir. Professorun sözlərinə görə, hadisənin tezliyi onlara riski daha yaxşı başa düşməyə kömək edir.

Biz anadan olandan oxumağı bacarmırıq – bizə bunu öyrədirlər, çünki müasir dünyada bu bacarığa sahib olmadan yaşamaq olmaz. Tədqiqatlar göstərir: insanlar riski başa düşürlər, lakin təkamül nəticəsində beyin onu fərqli mühitdə qiymətləndirməyə öyrəşir, buna görə hadisələrin tezliyi bizim üçün daha sadə görünür.

Yaxın gələcəkdə bizə riskləri qiymətləndirməyi öyrətməsələr də, artıq öz gücümüzlə məşq etməyi və bizə təqdim olunan məlumatları başa düşməyi öyrənməliyik. Qarşıdan gələn hadisənin ehtimalını hesablamaq üçün tezliyi düşünün. Yağışın 30% ehtimalla yağacağı sizin üçün faydasız məlumat ola bilər. Lakin bu məsələyə fərqli yanaşın: 100 günün 30 günündə yağış yağa bilər. Və ya tanışınız lotereyada uddu və sizə elə gəlir ki, bu, uğur qazanma şansınızı artırır. Bu halda hər həftə oynayan və heç nə qazanmayan (özünüz də daxil olmaqla) tanıdığınız hər kəs haqqında düşünün.

Müasir dünyanın çətinlikləri bizdən anadan olandan sahib olmadığımız bacarıqları tələb edir. İnformasiya tərəfindən idarə olunan bir cəmiyyətdə bu və ya digər filmi bəyənəcəyimizi, işin uğurlu və ya uğursuz olacağını, cinayətin həbslə nəticələnəcəyini qiymətləndirə bilərik. Heç kim bizə bunu öyrətmir, lakin hadisələrin baş vermə tezliyinə güvənsəniz, ehtimalları özünüz hesablaya bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər