13 C
Baku
Tuesday, May 7, 2024

Ehtiyac yoxsa tamahkarlıq?

Hazırda əhalinin ən böyük problemlərindən biri də kreditlə bağlıdır. Banklardan kredit əldə edən əhalinin sayının çoxalması ilə yanaşı, vaxtı keçmiş, yəni aldığı krediti geri ödəyə bilməyənlərin də sayı çoxalmaqdadır.

Statistika onu göstərir ki, əldə olunan kreditlərin həcmi 17 mlrd manatdan çoxdur. Həmin məbləğ üçün isə geri ödəniş edilə bilinməyən kreditin həcmi isə 938,8 mln manat təşkil edir.

Maraqlıdır, əhali bankdan əldə etdiyi krediti hara xərcləyir?  Bankdan götürülən kreditlərin və eləcə də vaxtı keçmiş kreditlərin çoxalmasının səbəblərindən biri də, necə deyərlər vacib oldu-olmadı banka müraciət olunmasıdır.

Araşdırmalar onu göstərir ki, bəzi insanlar sadəcə olaraq, qonşudan geri qalmamaq üçün kreditə əl atırlar. Misal üçün, bəzən maddi vəziyyəti heç də yaxşı olmayan insanların bir və ya bir neçə bahalı telefon istifadə etdiyinin şahidi oluruq. Halbuki, həmin telefonu alacaq səviyyədə imkana sahib deyil. Təbii ki, kredit səmərəsinə o telefonlara sahibdir. Təbii ki, buna digər dəbdəbəli maşın və yaxud ev əşyalarını da misal göstərmək olar.

 Düzdür, kredit üçün müraciət edən şəxslərin hər birinə bunu şamil etmək olmaz. Bankdan,  sahibkarlıqla məşğul olan, biznesini böyütmək istəyən və yaxud vacib pula ehtiyac duyan, maddi vəziyyəti aşağı olan şəxslərin də əldə etdikləri kreditlər heç də az deyil.

Lakin bir kütlə var ki, sadəcə göstəriş məqsədilə kredit əldə edir və çox təəssüf olsun ki, həmin insanların sayı getdikcə artmaqdadır. Buna isə sadəcə tamahkarlıq adı vermək olar. Əslində, əhalinin bu qədər krediti yığmasına banklar da təsir göstərir. Bankların təqdim etdiyi aqressiv reklamlar, əhalidə kreditin asan pul olması anlayışını yaradır. Halbuki, bank həmin pulu artıqlaması ilə geri alır.

Əslində qərb ölkələrində insanlar kreditin nə olduğu haqqında kifayət qədər məlumata sahibdirlər. Bəlkə də, bu həmin insanların kredit ilə daha əvvəldən anlayışlarının olması ilə əlaqədardır.  Lakin ölkəmizdə insanlar kreditə sadəcə rahat şəkildə əldə olunan pul kimi baxırlar.

Bu açıq-aşkar bir faktdır ki, bir sıra insanlar sadəcə tamahkarlıqlarını idarə edə bilmədikləri üçün kreditlər əldə edirlər. Bəzən isə taksit kart istifadəçilərinin də içərisində bu tamahkarlıq hissi ilə qarşılaşırıq. Banklar tərəfindən kredit kartlarından istifadəni həvəsləndirmək üçün banklar mütəmadi olaraq, müxtəlif “aksiyalar” keçirirlər. Bu aksiyaların mahiyyəti isə ondadır ki, əgər müəyyən zaman ərzində müştəri öncədən müəyyən olunmuş bir məbləğdə alış-veriş edərsə, onun limiti bir neçə dəfə böyüyür və ya hər hansı bir endirimlər əldə edir. Baxmayaraq ki, böyük limitlər gələcəkdə sizə lazım olmaya da bilər, bununla bağlı verməli olduğunuz qurbanlara çətin ki, haqq qazandırmaq olar. Tamahkarlığı yaradan digər səbəb isə götürülmüş krediti bir neçə ay ərzində ödəmək imkanının mövcudluğu da ola bilər. Baxmayaraq ki, bu məbləğ ilk baxışda çox da böyük görünməyə bilər, ardıcıl ödənişlər onun əhəmiyyətini artırır.

Sonda  onu qeyd etmək istərdik ki, çalışın kredit xəstəliyinə yoluxmayın. Çünki, bu xəstəliyə yoluxan şəxsləri hər ödəyib qurtardığı kreditdən sonra yeni bir kredit gözləyir. Sadəcə olaraq ən son anda yəni heç bir çıxış yolunuz olmadığı zaman kreditlərə müraciət edin. Yəni, ərtafınızdakılardan geri qalmamaq məqsədilə bahalı telefon, dəbdəbəli maşın və s.əşyalar alaraq həyatınızı kreditlərdən asılı vəziyyətə gətirməyin.

Son xəbərlər
 ⁠
Digər xəbərlər