9 C
Baku
Thursday, December 12, 2024

Ehtiyatlı olun, aşırı yüklənmə!

Hər kəsin işdə çətin dövrləri olur: tapşırıqlar üst-üstə yığılanda, vacib layihələr gecikəndə və ya bir neçə ay davam edən gərginlik olduqda. Bu anda daha çox və ya daha uzun müddət işləyə bilərik, lakin bunun müvəqqəti olduğunu və həyatın işlə məhdudlaşmadığını bilirik.

Statistikaya görə, amerikalıların təqribən 10%-i “kompulsiv işləməyə meylli” kimi qiymətləndirilir. Bu cür insanlara işqoliklər də deyilir. Nə dərəcədə yorğun olduğunuzu başa düşmək üçün bir neçə simptoma diqqət yetirməlisiniz.

Fasilə vermirsiniz. İstirahəti davamlı olaraq təxirə salmaq, həftəsonu və tətillərdə mütəmadi işləmək, məzuniyyət götürmək fikrindən imtina etmək – bütün bunlar aşırı çalışdığınızın əlamətləridir. Qeyd edək ki, amerikalıların yalnız 23%-i tətil günlərindən tam istifadə edir. Ən yaxşı idmançılar arasında aparılan araşdırma istirahətə ehtiyac olduqda, qısamüddətli fasilələrin onlara gücünü qat-qat artırmağa və daha böyük performans  göstərməyə imkan verdiyini müəyyən etdi.

Sözsüz, uzunmüddətli tətillər də faydalıdır, lakin yenidən işə qatılmaq və əvvəlki ritmi toplamaq üçün həftələr, bəzən aylar tələb olunur. Bu səbəbdən çalışın hər həftəsonu özünüzə istirahət üçün vaxt verəsiniz. Aşırı yüklənmənin xroniki yorğunluğa gətirib çıxarmasına şərait yaratmayın.

Şəxsi həyat sizin üçün prioritet deyil. Əgər uzun müddət diqqətinizi yalnız işə yönəldirsinizsə, demək ki, bunu şəxsi həyatınız hesabına edirsiniz. 2018-ci il ərzində amerikalı işçilərin 76%-i işdəki stresin şəxsi həyata təsir etdiyini və nəticədə boşanma ehtimalını iki dəfə artırdığını söylədi. Dostlarınız və ailənizlə ünsiyyətin olmaması sağlamlığınıza da mənfi təsir göstərə bilər. Tədqiqatlar göstərir ki, güclü sosial bağlan birbaşa uzunömürlülüklə əlaqəlidir və bu çatışmazlıq gündə 15 siqaret çəkməklə eyni təsirə malikdir. Əgər işdən kənarda heç kimlə ünsiyyət qurmursunuzsa və getdikcə özünüzü təcrid etməyə başlayırsınızsa, çox güman ki, işinizə fokuslanmısınız.

İşdən kənarda dolğun həyat yaşaya bilmirsiniz. Yorğunluğa işarə edən daha bir əlamət ofis xaricində işinizlə əlaqəni kəsə və yaxınlarınıza diqqət ayıra bilməməyinizdir. 2017-ci ildə amerikalıların 66%-i məzuniyyətdə belə işlədiyini açıqladı. Keçmiş müştərim Ceff öz hüquq firmasında baş menecer idi və heç vaxt kompütersiz səyahət etmirdi. O, həftəsonu qızı ilə vaxt keçirməyə qərar verəndə belə iş barədə düşündüyünü və elektron poçtunu bir neçə dəqiqədən bir yoxladığını etiraf edirdi. Vaxtaşırı iş haqqında düşünmək normal olsa da, sosial münasibətlər yavaş-yavaş məhv olduqda, aşırı məhsuldarlıq böyük problemə çevrilir. Indistractable kitabının müəllifi Nir Yar yayındırıcı faktorlar sayəsində sevdiklərimizə qarşı laqeyd olduğumuzu qeyd edir.

Özünüzə baxmırsınız. Söhbət duş qəbul etməyi unutmağınızdan getmir. Əgər davamlı olaraq yuxusuz qalırsınızsa, naharı qaçırırsınızsa, gününüzü energetik içkilərlə və ya qəhvə ilə yola verirsinizsə, idmana və şəxsi gigiyenaya laqeyd yanaşırsınızsa – bu, sağlam olmayan davranışa işarə edir. Xüsusilə, işə görə yuxunu qurban verdiyiniz zaman əslində özünüzə qarşı işləyirsiniz. Belə ki, yuxu mühakimə, tənqidi düşüncə, qərar qəbul etmə və təşkilatçılıq kimi koqnitiv funksiyalara təsir göstərir. İdman streslə mübarizə aparmağa kömək edir, əhval-ruhiyyəni yaxşılaşdırır, güc verir və idrak funksiyalarının aktivləşdirilməsini təşviq edir: yaddaş, konsentrasiya, öyrənmə, psixoloji dözümlülük və yaradıcılıq. Ən gərgin dövrlərdə 80-100 saat işləyən keçmiş investisiya bankiri kimi, mənim üçün məşq etmək, vaxtında nahar etmək və ofis otağında bir az yuxu almaq üçün fasilə vermək çox vacibdir. Bu mənə sağlamlığımı və dözümlülüyü qorumağa kömək edir.

Dəyərinizi yalnız peşəkar standartlarla ölçürsünüz. Əgər özünüzü yalnız peşəkarlıq baxımdan qiymətləndirirsinizsə, şübhəsiz ki, tez-tez istirahət etməyi unudursunuz və tükənmədən əziyyət çəkirsiniz. Bu, dərin yerləşmiş məhdudlaşdırıcı inanclardan qaynaqlanır. Texnoloji şirkətlərin birində baş mühəndis vəzifəsini icra edən Eliza həm özünə, həm də komandasına qarşı çox yüksək tələblər irəli sürürdü. Onun davranışını “Mənim dəyərim istehsal etdiyim şeylərlə ölçülür” inamı təyin edirdi. Görmə sahəsini genişləndirmək üçün o, ətrafdakı insanlardan ona nə üçün dəyər verildiyini soruşdu. Və başa düşdü ki, başqaları üçün yalnız baş mühəndis kimi deyil, eyni zamanda ana, dost və sadəcə insan olaraq əhəmiyyətlidir.

Hamımız vaxtaşırı daha yüksək templərə keçməli olsaq da, iş tapşırıqlarını yerinə yetirən zaman hər şeyi unutmamalıyıq, özümüzə və münasibətlərimizə diqqət yetirməliyik – bu, şəxsi və peşəkar uğur qazanmağın açarıdır.

Müəllif haqqında. Rebekka Çuker (Rebecca Zucker) Next Step Partners şirkətinin tərəfdaşı və liderlik keyfiyyətlərinin inkişaf etdirilməsi proqramının yaradıcısı. Onun müştəriləri sırasında Amazon, Clorox, Morrison Foerster, The James Irvine Foundation, Skoll Foundation, DocuSignDropbox kimi digər məşhur şirkətlər var.

Son xəbərlər
Digər xəbərlər