ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatına görə, ABŞ-də “Henry Hub” qovşağında qazın birja qiyməti 2026-cı ildə 2% azalacaq, lakin 2027-ci ildə ölkədə LNG zavodları tərəfindən yanacağa artan tələbat fonunda 33% kəskin yüksələcək.
Hesabatda deyilir: “Biz 2026-cı ildə ABŞ-də Henry Hub üzrə təbii qazın spot qiymətlərinin təxminən 2% azalaraq milyon britaniya istilik vahidi (MMBtu) üçün 3,5 dollardan bir qədər aşağı düşəcəyini, daha sonra isə 2027-ci ildə kəskin şəkildə artaraq MMBtu üçün 4,6 dollardan bir qədər aşağı səviyyəyə çatacağını gözləyirik”. Qeyd olunur ki, 2025-ci ildə qaz qiymətləri əvvəlki ildə qeydə alınan rekord dərəcədə aşağı səviyyə ilə müqayisədə 56% artaraq 3,52 dollara yüksəlib.
Bu dinamika onunla izah olunur ki, 2026-cı ildə təklifin artımı ümumilikdə il ərzində tələbin artımına uyğun olacaq. Lakin 2027-ci ildə tələbin artımı təklifin artımını üstələyəcək. Bu isə əsasən ABŞ-də LNG ixrac edən müəssisələr tərəfindən qaz tələbinin artması və anbarlardakı ehtiyatların azalması ilə bağlıdır.
2026-cı ildə ABŞ-də qazın istehlakı və ixracı 1%-dən az — gündəlik 0,6 milyard kub fut artacaq, hasilat və idxal isə təxminən 1% — gündəlik 1,1 milyard kub fut artım göstərəcək. EIA-nın proqnozuna görə, 2027-ci ildə tələbin artımı gündəlik 2,5 milyard kub fut təşkil edəcək ki, bu da təklifin artım tempini (0,9 milyard kub fut) üstələyəcək və nəticədə qiymətlər 33% yüksələcək.
ABŞ-də istehlakın artımı əsasən qazın LNG şəklində xaricə ixracı üçün tələbin yüksəlməsi ilə bağlıdır. 2026-cı ildə LNG ixracı 9% və ya gündəlik 1,3 milyard kub fut, 2027-ci ildə isə 11% və ya əlavə olaraq gündəlik 1,7 milyard kub fut artacaq. Bu artım “Plaquemines LNG” və “Corpus Christi Stage 3 LNG” zavodlarının tam güclə fəaliyyətə başlaması, həmçinin 2026-cı ildə “Golden Pass LNG” layihəsinin istismara verilməsi ilə əlaqədar olacaq. Bu fonda qaz anbarlarındakı ehtiyatlar tədricən son beş ilin orta səviyyəsindən aşağı düşəcək.
Bununla yanaşı, ABŞ-də daxili qaz istehlakı 2026–2027-ci illərdə nisbətən dəyişməz qalacaq. Sənaye, kommersiya və məişət sektorlarında tələbin azalması elektrik enerjisi sektorunda istehlakın artması ilə kompensasiya olunacaq. Elektrik enerjisinin istehsalı üçün qaz istehlakı isə proqnoz dövrü ərzində davamlı şəkildə artacaq.






