ABŞ-dakı təbii fəlakətlə bağlı hasilatın azalması üzündən neft bazarının pozulmuş ahəngini bərpa etmək üçün OPEC+ ölkələri oktyabrda neft təklifini artırmalıdır.
“Reuters” agentliyi xəbər verir ki, bu barədə ABŞ Enerji Məlumatları Administrasiyasının (EIA) aylıq hesabatında bildirilir.
Sənəddə həmçinin deyilir ki, OPEC+ ölkələri neft istehsalını artırsalar belə, ABŞ-dakı fors majorlar üzündən azalan neft ehtiyatları yalnız gələn ilin əvvəlində məqbul səviyyəyə çatdırıla bilər. Belə ki, İda qasırğası nəticəsində bazarın gündəlik itkiləri 30 milyon barel təşkil edəcək. Hazırda oktyabrın sonuna qədər qüvvədə olan razılaşmaya əsasən OPEC+ ölkələri hasilatı gündə 400 min barel artırır. Oktyabrın 4-də sonrakı dövr üçün qərar verilməsi gözlənilir.
Bununla yanaşı, EIA dünya boyu neftə tələbat proqnozunu 2021-ci il üçün 5,3 milyon bareldən 5,2 milyon barelə qədər azaldıb. Bu da Asiyada epidemiologiya vəziyyətinin kəskinləşməsi üzündən cari ilin üçüncü rübündə dünyada neft istehlakının azalması ilə bağlıdır. Bununla belə, artlıq müəyyən sabitləşmənin gözə dəydiyi, oktyabr ayında tələbatın xeyli arta biləcəyi də qeyd olunur.