10 C
Baku
Saturday, December 21, 2024

Əkin sahələrinin sığortası zamanı sığorta haqqı necə hesablanır?

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmində əkin sahələrinin sığortalanması zamanı sığorta haqqı Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş məhsul şərtlərinə əsasən hesablanır. 

Fonddan Banker.az-a verilən məlumata əsasən, sığorta haqqı hesablanarkən məhsuldarlıq və qiymət fermerin verdiyi məlumatlar əsasında götürülür. Sığorta haqqının düsturu sığorta məbləğinin sığorta tarifinə vurmaqla alınır.

Qeyd edək ki, bitkiçilik sığortasında əkin sahələri və bitkiləri 3 formada sığorta etmək olar: məhsulun sığortası, ağac və kolların sığortası, tinglərin sığortası.    

Məhsul, ağac və ting sığortalarında sığorta haqqı fərqli qaydada hesablanır. 

Məhsulun sığortasında sığorta haqqının hesablanması 

Məhsulun sığortası dedikdə, əkin sahəsindən, məsələn taxıl zəmisi və ya meyvə bağından gözlənilən məhsulun sığortası nəzərdə tutulur. 

Sığorta haqqı = Əkin sahəsi X 1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı X 1 sentner məhsulun bazar qiyməti X sığorta tarifi 

Praktiki missal: 

Şəkidə əkin sahəsi – 4 hektar 

1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 25 sentner

1 sentner məhsulun bazar qiyməti 30 manat 

Sığorta haqqı = 4 ha X 25 sentner X 30 manat X 3,98% = 119,4 manat. 

Sığorta haqqının 50%-ni dövlət ödəyir. Nəticədə fermer tərəfindən sığorta haqqı 59,70 manat təşkil edir.

Ağac və kol sığortasında sığorta haqqının hesablanması 

Qaydalara əsasən, ağac və kol məhv olduqda, ondan gözlənilən məhsulun 3 illik həcmi əsasında kompensasiya ödənilir. 

Ağac və kol sığortasında 1 ağac üçün sığorta haqqı belə hesablanır: 

Sığorta haqqı = 1 ağacdan gözlənilən məhsuldarlıq miqdarı X 1 kq məhsulun bazar qiyməti X 3 il X 0,83% 

Praktiki misal: 

Göyçayda xurma bağı 

1 ağacdan gözlənilən məhsul həcmi 30 kq

1 kiloqram məhsulun qiyməti 0,50 manat 

Sığorta haqqı = 30 kq X 0,5 manat X 3 il X 0,83% = 0,37 qəpik 

Sığorta haqqının 50%-ni dövlət ödəyir. Nəticədə fermer tərəfindən 1 ağacın sığortası üzrə ödənilən sığorta haqqı 18 qəpik təşkil edir. 

Ting və şitillərin sığortasında sığorta haqqının hesablanması 

Qaydalara əsasən, ting və şitil məhv olduqda, onun dəyəri əsasında kompensasiya ödənilir. Ting və şitil sığortasında sığorta haqqı belə hesablanır: 

Sığorta haqqı = Tinglərin sayı X 1 tingin qiyməti X sığorta tarifi (0,83%)

Praktiki misal: 

Lənkəranda yeni salınmış portağal bağı 

Tinglərin sayı 660 ədəd 

1 tingin qiyməti 3 manat 

Sığorta haqqı = 660 X 3 manat X 0,83% = 16,4 manat 

Sığorta haqqının 50%-ni dövlət ödəyir. Nəticədə fermer tərəfindən tinglərin sığortası üzrə ödənilən sığorta haqqı 8,2 manat təşkil edir. 

Son xəbərlər
Digər xəbərlər