Bu gün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə avtomobil nəqliyyatı vasitələri ilə yükdaşımalarda iştirak edən yerli şirkətlərlə onlayn formatda görüş keçirilib.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, beynəlxalq yükdaşıma sahəsində nəqliyyat-ekspedisiya xidməti göstərən şirkətlərin fəaliyyətinə vergi təşviqlərinin verilməsi nəzərdə tutulur. Ekspeditorların fəaliyyəti üzrə xidmətlərin ƏDV-yə sıfır dərəcəsi ilə cəlb edilməsi təklifi artıq cari il üçün Vergi Məcəlləsinə dəyişikliklər layihəsinə əlavə edilib.
Tədbirdə müvafiq sahə üzrə vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı qaldırılan məsələlərin və təkliflərin diqqətdə saxlanılacağı qeyd olunub, habelə daşıyıcıların fəaliyyətinin rəsmiləşdirilməsi ilə bağlı Vergi siyasəti baş idarəsinin müvafiq strukturu ilə birlikdə müvafiq təlimatların hazırlanması sahəsində qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb.