28 C
Baku
Saturday, June 25, 2022

Ekspert: “Əhali əlində olan dollar kütləsini manata çevirir”

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, iqtisadçı ekspert Samir Əliyev deyib.

Samir Əliyev 2016-cı ildə ABŞ-ın Federal Ehtiyat Sisteminin uçot dərəcələrini artırmasının səbəblərindən danışıb: “İlin əvvəlində FES tərəfindən uçot dərəcələrinin 4 dəfə qaldırılması gözlənilirdi. Artıq ilin yarısıdır və hələ də bu, baş verməyib. Aprel görüşünün protokolları üzə çıxandan sonra məlum oldu ki, FES uçot dərəcələrini qaldırmaq niyyətindədir. Bu qərar Amerikanın makroiqtisadi vəziyyətinə əsaslanır. İnflyasiyanın 2 faizə çatdırılması hədəf qoyulub. Bundan başqa, ABŞ-da  işsizliyin və əmək bazarında iş yerlərinin azalması, iqtisadi artım, yəni makroiqtisadi göstəricilər FES-in qərarına təsir edir. Xüsusilə də ABŞ-da işsizlik statusu almaq üçün müraciət edənlərin sayında əhəmiyyətli dərəcədə azalma var. Neftin qiymətinin ucuz olması da inflyasiyanın qarşısını alır”.

Qonaq ABŞ-ın neftin qiymətinin ucuz olmasında maraqlı olduğunu deyib: “Uzun müddət ABŞ dünyada ən çox neft idxal edən ölkə olub. Lakin slans nefti artdıqdan sonra ABŞ-ın neft idxalı kəskin surətdə azaldı. Neftin ucuz olması Amerikaya sərf edir, bu zaman istehsalın maya dəyəri, nəqliyyat xərcləri aşağı düşür. 2008-ci il böhranından sonra Amerika iqtisadiyyatında müəyyən durğunluq baş verdi. Hazırda FES ilə bazar arasında anlaşılmazlıq yaranıb, yəni bazarda FES-in qərarlarına inamsızlıq var”.

Manatın kursunun bazar tərəfindən tənzimləndiyini deyən ekspert MB-nin valyuta siyasətinin mahiyyətini açıqlayıb: “MB valyuta hərracı həyata keçirir, hazırda dollara tələb az, təklif daha çoxdur. Səbəb isə manat kütləsinin azalmasıdır. Bu gün həm banklarda, həm də sahibkarlarda manat qıtlığı var. MB manatı bazara qaytarmaqda az maraqlı görünür. Əgər birdən-birə MB manat kütləsini bazara buraxarsa, inflyasiya baş verəcək, əhalinin alıcılıq qabiliyyətini artacaq. Dollar alışı artsa, manata təzyiq olacaq, bu isə növbəti devalvasiya ehtimalını artıra bilər. Məhz buna görə də MB manat kütləsini əlində saxlayır”.

Samir Əliyev “Mərkəzləşmiş kreditlər haqqında qayda”nın manat kütləsinə nəzarətə imkan verə biləcəyini deyib: “Azərbaycanda vaxtilə 40-a yaxın bank var idi, lakin mərkəzləşmiş kreditlər 4-5 bank üçün əlçatan olub. Təsadüfi deyil ki, bizdə uçot dərəcəsi dəyişiləndə kredit bazarına heç bir təsiri olmur. Mərkəzləşmiş kreditlər haqqında qayda kreditlərin verilməsi mexanizmini göstərir. Ən əsası isə MB tərəfindən verilən kreditlərin həcmi, hərracların keçirilməsi ilə bağlı mətbuata məlumat veriləcək. Bu qaydanın qəbul edilməsi göstərir ki, MB manat kütləsini bazara buraxmaq istəyir. Artıq banklara verilən məqsədli kreditlər valyuta bazarına yönəldilməyəcək. Manatın bahalaşmasının əsas səbəbi üzən məzənnə və manat kütləsinə MB-nin nəzarətidir. Əmanətlərin az qala 90 faizə qədəri, kreditlərin təxminən 60 faizi dollarladır. İqtisadiyyatda dollara “doyma” yaranıb. İdxalın ciddi şəkildə azalması dollara tələbatı azaldır. Mərkəzi Bankın psixoloji addımları nəticəsində əhali əlində olan dolların bir hissəsini manata çevirir. İnsanlarda dolların birdən ucuzlaşa bilmə qorxusu var. Bu gün banklarda dollar alışından çox dollar satışı artıb”.

Qonaq yaxın dövrdə manatın kursu barədə proqnozları da səsləndirib: “Yaxın müddətdə manatın məzənnəsi 1,50 – 1,65 arasında dəyişəcək. Hazırda FES-in qərarı ilə manatın kursu arasında əlaqə itib. Birbaşa demək olmaz ki FED uçot dərəcəsini qaldıran kimi manat düşəcək, amma təsiri olacaq. Bu təsir neft vasitəsilə olur. Əgər neftin qiyməti 40 dollardan aşağı düşərsə, düşünürəm ki, MB məzənnəni buraxmaq məcburiyyətində qalacaq. Amma bu kəskin ucuzlaşmaya səbəb ola bilməz. Ən azından yaxın dövrdə kəskin ucuzlaşma gözlənilmir. Düşünürəm ki, payız aylarına, yəni sentyabrın əvvəlinə qədər manatın məzənnəsində ciddi dəyişiklik gözlənilmir. MB kəskin ucuzlaşmaya – dolların 2 manat və ya artıq olmasına icazə verməyəcək. Amma payızdan sonra yeni situasiya yarana bilər”.

Əhalinin alıcılıq qabiliyyətinin azalmasının ticarət dövriyyəsinə təsirindən danışan qonaq müxtəlif sahələrdə olan vəziyyət barədə də məlumat verib: “Avtomobil satışında və digər sahələrdə kəskin azalma var. Əmlak bazarı həm Rusiyadan asılıdır, həm ölkədəki iqtisadi vəziyyət və kreditləşmə ilə bağlıdır. Sosial evlər məsələsi də daşınmaz əmlak bazarına təsir göstərəcək. Yaxın dövrdə əmlak bazarında qiymət artımı gözləmirəm. Kreditləşmənin məhdudlaşdırılması avtomobil bazarına təsir göstərdi, bu gün adi vətəndaş üçün kredit almaq çox çətindir”.

Samir Əliyev ölkədə kreditləşmənin xüsusiyyətlərindən danışıb: “2014-cü ildən başlayaraq MB istehlak kreditləşməsinin məhdudlaşdırılması istiqamətində addımlar atdı. Bizdə kreditlər xarici istehsalı stimullaşdırır. Məhz bu məhdudlaşdırma islahatları başlayandan sonra lombardların sayı artmağa başladı. İnsanlar var ki, kredit götürə bilər rəsmi şəkildə bunu sübut edə bilmir. Artıq lombardların fəaliyyəti lisenziyalaşmalıdır. İstehlak kreditlərinin məhdudlaşdırılması tələbatı azaldır. Bu isə ümumdaxili məhsulun formalaşmasına, əhalinin istehlak xərclərinin azalmasına, ticarət və ictimai iaşə dövriyyəsinin azalmasına gətirib çıxarır, bu da vergilərə təsir göstərir”.

Son xəbərlər
Oxşar xəbərlər