Ekspert: AMB-nin növbəti qərarına qədər çox hadisələr ola bilər

FOTO: APA

Mərkəzi Bank uçot dərəcəsi 7.25% səviyyəsində saxladı. Dünyanın aparıcı Mərkəzi Banklarının uçot dərəcəsini aşağı salması (ABŞ, Koreya, Braziliya) və ya bunu planlaması (Avropa Birliyi, Yaponiya) Azərbaycanda da analoji gözlənti yaratmışdı. Ancaq Mərkəzi Bank düzgün olaraq uçot dərəcələri aşağı salmadı. Adıçəkilən ölkələrdə istehlak qiymətləri indeksinin səviyyəsi aşağı olduğundan onlar milli valyutanı ucuzlaşdırmaq yolu ilə iqtisadi aktivliyi təmin etməyə hədəfləniblər.

Azərbaycanda isə rəsmi inflyasiya səviyyəsi aşağı (2,9%) olsa da bu göstərici dayanıqlı deyil. İdxaldan yüksək asılılığımız məzənnə dəyişməsinin inflyasiyaya daha çox təzyiq göstərməsini şərtləndirir. Bu baxımdan monetar yumşalma kövrək sabitliyi poza bilər. Uçot dərəcələrini iki gün öncə 1% bəndi aşağı salan qonşu Türkiyədən (bu ölkə də yüksək inflyasiya təzyiqi altındadır) fərqli olaraq digər qonşumuz olan Rusiya hələki gözləmə mövqeyindədir. Rusiya Mərkəzi Bankının tezliklə baş tutacaq iclasından əsas gözləntilər uçot dərəcəsinin artırılması ilə bağlıdır.

Azərbaycan Mərkəzi Bankın uçot dərəcəsini aşağı salmaması doğru addım idi, ancaq onu artırmağı daha məqsədəuyğun olardı. Düzdür, Mərkəzi Bank artıma yönəlik addım da atıb. Uçot dərəcəsinin aşağı həddini 1,25% bəndi artıraraq 6,75%-ə yüksəldib. Bu vaxta qədər yuxarı və aşağı hədd uçot dərəcəsinə bağlı idi (±1,75%) və onun dəyişməsi avtomatik olaraq tavanları da dəyişirdi. Ancaq indi aşağı tavanı yuxarı qaldırmaqla bankların hərraclara marağını artırıb. Belə ki, bu artımdan sonra Mərkəzi Bankın depozit hərraclarında cəlb edilən vəsaitlərin illik faizi indiki 5,51%-dən təxminən 6,76%-ə yüksələcək. Eyni artım Mərkəzi Bankın qısamüddətli notlarında da baş verəcək. Bu isə bankların son iki hərracda azalan marağını artıracaq. Martın əvvəlindəki hərraclarda tələb təklifi 6 dəfədən çox üstələdiyi halda son iki hərracda bu göstərici 3 dəfəyədək azalmışdı. Belə vəziyyətdə bankların əlindəki manat vəsaitlərini valyuta bazarından çəkindirməklə manata olan təzyiqi minimum endirmiş oldu. Ona görə də bu qərarı “gözləmə+” kimi də adlandırmaq olar. Yəni dərəcə dəyişmir, amma artıma yönəlik addımlar atılır.

 

Samir Əliyev — Foto: Sputnik

Əslində Mərkəzi Bank 2015-ci ildə olduğu kimi yenə gözləmə mövqeyindədir. Açıqlamada bu qərarın başlıca olaraq qlobal mühitdə yaranmış qeyri-müəyyənliklər nəzərə alınmaqla qəbul edildiyi bildirilir. Açıqlamadan belə nəticə çıxartmaq olar ki, Mərkəzi Bank və ümumilikdə hökumət vəziyyətin tezlikdə dəyişəcəyini, neftin yenidən bahalaşacağına ümid edir. Halbuki proqnozlar hələki bu gözləntini tətbiq etmir. Koronavirus problem həll olunsa belə neftin yenidən 50-60 dollar səviyyəsinə qalxacağı ehtimalı azdır. Bu isə indidən ehtiyat tədbirlərin görülməsini zəruri edir.

Mərkəzi Bank eyni zamanda dərəcənin artmamasını pul bazasının ilin əvvəlindən 11% azalması fonunda monetar şəraitin sərtləşməyə başlandığını qeyd etməklə əsaslandırıb. Nəzərə almaq lazımdır ki, Mərkəzi Bankın növbəti qərarı mayın 1-də olacaq. Bu müddətdə gözlənilməz çoxlu hadisələr ola bilər: bir sıra malların qıtlığı fonunda inflyasiya təzyiqinin artması, hökumətin sahibkarla (vergi tətili, güzəşti, güzəştli kredit) və əhaliyə (kredit ödənişi tətili və s) yönəlik əlavə sosial paketi işə salması, bəzi qruplarda, məsələn həkimlərin maaş artımı və s. Bütün bunlar bazarda manat kütləsini artıran amillərdir. Deməli, pandemiya problemi və neftin aşağı qiyməti həllini tapmaqsa, Mərkəzi Bankı növbədən kənar faiz artımı iclasının keçirilməsi istisna deyil.

Müəllif:
Samir Əlyev,
İqtisadçı-ekspert.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları