15 C
Baku
Friday, April 26, 2024

Ekspert Azərbaycanda “üzən məzənnə”yə keçidi mümkünsüz sayır

“4 il əvvəlin bu günü, yəni dekabrın 21-də növbəti şoku yaşayan əhali yeni terminlə tanış oldu. Bu, sonradan yeni lətifələr üçün xammal rolunu oynayan “üzən məzənnə” idi”.

Banker.az xəbər verir ki, bu barədə ekspert Samir Əliyev bildirib.

“Termin xalqımıza o qədər doğma gəldi ki, onu digər peşə sahibləri də sevə-sevə istifadə etməyə başladı. Məsələn, tanışım olan kardioloq həkim təzyiqi tez-tez oynayan xəstələrə vəziyyəti daha aydın izah etmək üçün “sizdə üzən təzyiqdir” diaqnostik termini kəşf etdi. Qısası, xalqımız fəsadları ağır olan bu sözü yaradıcılığın bir hissəsinə çevirə bildi”- deyə ekspert bildirib.
“Üzən məzənnə”nin ağır fəsadı manatın bir gecədə dəyərini ABŞ dollarına münasibətdə 32,3% itirməsi oldu. Azərbaycan Mərkəzi Bankı (AMB) həmin gün dolların manata olan rəsmi məzənnəsini 1,05 manatdan 1,55 manata qədər artırdı. Sonrakı dövrlərdə AMB bu termini bir qədər redaktə olunaraq cəmiyyətə “tənzimlənən üzən məzənnə” kimi təqdim olundu və tam üzən məzənnəyə keçidə doğru ilk addım kimi dəyərləndirdi. 2016-cı ildə qəbul edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə strateji hədəflərdən birinə nail olmağın elementlərindən biri kimi qeyd edilib. Tədbirlər planında tam üzən məzənnəyə keçid 2017-ci il hədəflənsə də sonradan onun müddəti 2020-ci ilə kimi uzadıldı. Bu addım hökumətin tam üzən məzənnəyə keçidlə bağlı bağlı qərarının tələsik olmasının etirafı idi. Sonrakı dövrdə AMB-nin rəhbərinin keçid üçün ilkin şərtlərin olmasının vacibliyini qeyd etməsi hökumətin bu qərarı düşünmədən atdığını sübut etdi. Halbuki həmin dövrdə müstəqil ekspertlər mövcud şərtlər daxilində üzən məzənnəyə keçidi mümkünsüz hesab edirdilər.

Artıq üzən məzənnəyə keçid qərarından 4 il keçib. Hələ də manatın bu rejimə keçidi ilə bağlı müzakirələr səngimir. Ekspertlərin bir qismi üzən məzənnə rejiminə keçidi indiki şəraitdə mümkünsüz saysa da, bu fikri bölüşməyənlər də var. Mən də birinci qrup ekspertlərlə həmrəyəm və hesab edirəm ki, indiki şərtlər daxilində üzən məzənnəyə keçid nəinki mümkün deyil, hətta deyərdim məqsədəuyğun deyil.

Bir neçə amili göstərmək olar. Əvvəla, ölkə iqtisadiyyatı şaxələndirilməyib və bir mənbədən – neft gəlirlərindən asılılığı qalmaqdadır. İxracın 90-95%-i, büdcənin 60%-dən çoxu, ÜDM-in yarıya qədəri neftdən asılıdır. Bu o deməkdir ki, dünya bazarlarında neftin qiymətinin dəyişməsi milli valyutanın məzənnəsinə birbaşa təsir göstərəcək və məzənnin volatilliyi artacaq. Yəni müəyyən dövrdə bahalaşacaq, müəyyən dövrdə ucuzlaşacaq. Qeyri-sabit məzənnə isə makroiqtisadi sabitlik üçün təhlükəlidir.

İkinci əsas səbəb ölkədə kölgə istisadiyyatının yüksək olması səbəbindən dövriyyədə qeyri-rəsmi pul kütləsinin mövcudluğudur. Məzənnədə baş verən istənilən dəyişiklik həmin vəsaitlərin valyuta bazarına axınına və spekulyasiyalara yol aça bilər. Qeyri-rəsmi pul kütləsi həm də ölkədən qeyri-rəsmi valyuta axınını şərtəndirir. Bu isə milli valyuta üçün təhlükəlidir.

Üçüncü səbəb ölkə iqtisadiyyatının idxaldan asılılığının yüksək olmasıdır. Məhz bu səbəb məzənnə dəyişikliyinin ölkə daxilində yüksək inflyasiya yaratmasına səbəb olur. Belə vəziyyətdə milli valyutanın ucuzlaşması yerli istehsalın rəqabət qabiliyyətinə ciddi təsir etmir. Çünki xam malı xaricdən alınnan yerli istehsal da devalvasiya qərarının təsiri olaraq bahalaşır.

Amillərin sayını artırmaq da olar. Məsələn, ökəyə gələn xarici valyuta kanallarının məhdud olması, valyuta və fond bazarının demək olar ki, olmaması, dollarlaşma səviyyəsinin yüksək olması və s.

Azərbaycanla eyni dövrdə üzən məzənnəyə keçən Rusiya və Qazaxıstanda milli valyutaların məzənnələri fərqli nəticə göstərib. Məsələn, Rusiyada rubl 2019-cu ildə dollara münasibətdə 7,5% bahalaşıb və bu müddətdə məzənnə dollara nəzərən 62,4-67,2 rubl civarında dəyişib. Digər ölkə ollan Qazaxıstanda isə təngə il ərzində 0,3% ucuzlaşıb. Bu müddətdə təngənin məzənnəsi 373-390 təngə aralığında dəyişib. Nəzərə almaq lazımdır ki, Azərbaycanla müqayisədə bu ölkələrin iqtisadiyyatlarının neftdən asılılığı aşağıdır. Hətta bu ölkələr tam üzən məzənnəyə keçməyiblər və Mərkəzi Bank tərəfindən tənzimlənmə siyasəti yürüdülür.

AMB məzənnəni sabit saxlamaqla bir tərəfdən idxal inflyasiyasının təsirini minimuma endirməyə, digər tərəfdən kövrək maliyyə sistemini qorumağa, xarici investisiya cəlbi üçün sabit mühit yaratmağa çalışır. İndiki dövrdə bu addım özünü doğrultsa da mövcud siyasət uzunmüddətli dövr üçün təhlükəlidir. Gələcəkdə, xüsusilə də neftin qiymətinin bədbin proqnozları fonunda indiki məzənnə siyasəti makroiqtisadi dayanıqlıq üçün fiaskoya uğraya bilər”, – deyə o, qeyd edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər