Ekspertlər bildirirlər ki, Mərkəzi Bank istəsəydi, buna yol verməyə bilərdi…
Milli valyutamız dəyərdən düşmə sürətini artırıb. Ekspertlər bildirirlər ki, manatın dəyərdən düşməsi iqtisadiyyata ciddi problemlər yaradacaq. Üstəlik, bildirilir ki, Mərkəzi Bank manatı hələ bir müddət də qoruya bilərdi. Yanvarın 25-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1,9052 səviyyəsində formalaşıb.
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı açıqlamasında bildirib ki, Mərkəzi Bank, sadəcə, hansısa bir nöqtəni gözləyir: “Manatı müəyyən bir həddə çatdırmaq istəyir. Yəqin dolları iki manata çatdırmaq hədəfdədir. Sürətlə bu məzənnəyə doğru gedir. Ora çatandan sonra müəyyən sabitləşmə gözləyirəm. Çünki əslində Mərkəzi Bank aylardır ki, məzənnəni həftədə bir qəpik, iki qəpik artırırdı. İndi isə son bir neçə həftədə görürük ki, çox sürətlə artır. Biz ili 1,76 qəpiklə başlamışdıq, artıq 1,90-ı keçib. İlin əvvəlindən bu yana 14 qəpikdən çox bahalaşma olub, devalvasiya baş verib. Hamımız başa düşürük ki, Mərkəzi Bank istəsəydi, buna yol verməyə bilərdi.
Bunun üçün sadəcə kifayət qədər daha çox bazara dollar çıxarmaq lazım idi. Amma görünən odur ki, Mərkəzi Bank artıq valyuta ehtiyatlarının azalması ilə barışmaq istəmir. Dollar ehtiyatını ucuz satmaq istəmir. Buna görə də dolların məzənnəsi arta-arta gedir. Amma mən gözləyirəm ki, müəyyən həddə çatandan sonra o, dayanacaq, müəyyən sabitləşmə baş verəcək. Amma yenə də bu, heç nəyi dəyişmir. Bu gün hərracda məzənnənin 1 manat 90 qəpiyi keçməsi o deməkdir ki, banklar təxminən iki manata dolları satmağa başlayacaqlar. Bu, artıq o deməkdir ki, 1 dollar 2 manata çatdı.
Çünki vətəndaşlar və vətəndaşlar məhz həmin məzənnə ilə dolları əldə edəcəklər. Banklara dollar borcu olanlar məhz bankın elan etdiyi məzənnə ilə borclarını ödəyəcəklər. Belə bir proqnozumda qalıram, bu ili 1 dolların 2 manat 50 qəpiklə başa vurması çox böyük uğur ola bilər. Ancaq ehtimal edirəm ki, dollar 2 manat 50 qəpikdən də baha olacaq. Prinsipcə, keçən ilin son aylarından bunu ehtimal edirdik”.