12 C
Baku
Sunday, November 17, 2024

Ekspert dünyanın maliyyə və iqtisadi mühitini təhlil etdi – 5 istiqamət üzrə

Müsahibimiz Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının ekspertlər qrupunun rəhbəri, özəl banklardan birinin Risk Menecmenti Departamentinin direktoru, bankçılıq sahəsində tanınmış mütəxəssis, iqtisadçı-ekspert Elman Sadıqovdur.

— Elman müəllim, ölkəmizin iqtisadi həyatına keçməzdən öncə dünyanın maliyyə və iqtisadi mühitinə toxunaq. Nələr baş verir?

— İlk baxışda maliyyə və iqtisadi sahələrdə sakitlik təsəvvürü yaransa da, əslində böyük dəyişikliklər baş verir və təlatümlər qabaqdadır. Birincisi, ABŞ və digər inkişaf etmiş ölkələrdə proteksionist siyasət meylləri güclənməkdədir. ABŞ Prezidenti öz seçki kampaniyasında verdiyi vədi həyata keçirmək istəyir. Digər ölkələr isə bunu açıq şəkildə deməsələr də, bu siyasətə meyllidirlər. İkincisi, ABŞ Federal Ehtiyat Sistemi faiz artımlarını həyata keçirməkdə tərəddüd içərisindədir. Bu barədə yazdığım bir məqalədə bunun səbəblərini geniş açıqlamışdım. Qısaca desək, faiz artımı labüddür. Bunu labüd edən inflyasiya dərəcəsi faktorundan da daha böyük faktor fond birjalarında yaranmaqda olan köpüklərdir. Bu köpükləri müəyyənləşdirən amillər vardır ki, bunu da peşəkar investorlar və iqtisadçılar görməkdədirlər. Məsələn, artıq bir çox səhmlərin bazar qiymətləri ilə real balans qiymətləri arasındakı fərqlər getdikcə böyüməkdədir. Faiz artımları olmasa köpüklərin partlama riskləri artacaq. Lakin, çubuğun 2 tərəfi var. Digər tərəfdə isə faiz artımına getmək yeni təhlükəli risklər meydana çıxarır ki, ən böyük risk həddən artıq şişmiş istiqraz bazarlarıdır. Dünya üzrə bu bazarların həcmi 50 trilyon ABŞ dolları ətrafındadır, təkcə ABŞ-la əlaqləli istiqrazların həcmi 10 trilyon dollardan çoxdur. Bunun da əsas səbəbi uzun müddət faiz dərəcələrinin aşağı səviyyədə qalması olmuşdur. Üçüncü məsələ Yaxın Şərqdə baş verən müharibədir ki, bu da artıq bir dövlətin müharibəsi səviyyəsindən çoxdan çıxmışdır. Dördüncü məsələ isə neft bazarında baş verən təlatümlərin davam etməsidir.

— Qeyd etdiyiniz hər 4 məsələ aktualdır və istərdik ki, bu məsələlərə bir az da aydınlıq gətirdikdən sonra ölkəmizin iqtisadi həyatında baş verən dəyişikliklərə keçək. İlk öncə proteksionist siyasət nədir?

— Proteksionist siyasət ən yüksək səviyyədə Britaniya İmperiyası tərəfindən tətbiq olunmuşdur. ABŞ-da isə bu siyasətin banisi ölkənin ilk Prezidenti George Washingtonun dövründə işləmiş və ABŞ-ın ilk maliyyə naziri olumuş Alexander Hamilton olmuşdur. Lakin, bu siyasət elmi və nəzəri olaraq alman iqtisadçısı Friedrich List tərəfindən inkişaf etdirilmiş və əsaslandırılmışdır. Proteksionist siyasətin əsas məğzi budur ki, iqtisadiyyat da insan kimidir. Biz 3 yaşında olan uşaqla 25 yaşında olan insan kimi davrana, onu sərbəst buraxa bilmərik. Əks halda həmin iqtisadiyyat və ya onun sahələri məhv olar. Buna görə də, iqtisadiyyatın inkişaf etdirilməli və inkişaf etməkdə olan sahələrini gömrük tarifləri, dotasiyalar, (vergi) güzəştlər və digər qoruma vasitələri ilə qoruyaraq inkişaf etdirmək prioritet istiqamət kimi seçilir. İstisnasız olaraq hər bir ölkə öz iqtisadi inkişafında bu siyasəti geniş tətbiq etmişdir. Yaxın keçmişə baxsaq, 1960-70-ci illərdə Yaponiya, Cənubi Koreya, Tayvan, Tailand, Çin Beynəlxalq Valyuta Fondunun liberal bazar tələblərinə məhəl qoymayaraq proteksionist siyasət tətbiq etmiş və bu gün onun müsbət nəticələrini görməkdədirlər. Əslində, bu siyasət bu gün də geniş tətbiq edilir. Məsələn, ölkələr müəyyən məhsulların idxalında müəyyən kvotalar, öz məhsullarına dotasiya və güzəştlər tətbiq edirlər. Geniş mövzudur. İncə yanaşma tələb edir. Ölkə liberal və açıq bazar siyasəti yürüdür, ölkələrarası ticarətdə isə öz məhsullarının rəqabət qabiliyyətini artırmaq üçün bütün imkanlarından istifadə edir. Bu siyasətin düzgün tətbiqi istehsalın və ixracın inkişafına, yanlış tətbiqi isə monopoliyanın inkişafına, istehsalın isə məhvinə səbəb olur. Onu da qeyd edim ki, bunu yalnız ABŞ-ın indiki prezidenti Trampla əlaqələndirmək doğru deyil. Yeni bir məsələ deyil. ABŞ müəyyən zaman kəsiklərində (ehtiyac yarandığında) bu siyasəti ciddi bir şəkildə həyata keçirmişdir. George Washington, Abraham Lincoln, James Monroe, William McKinley, Theodore Roosevelt bu siyasətin tərəfdarı olub ciddi bir şəkildə tətbiq edən prezidentlər olmuşlar. Bu siyasəti lakonik şəkildə Friedrich List`in fikri ilə ifadə etsək, Britaniya proteksionist siyasətlə öz donanmasını gücləndirib genişləndirdikdən sonra (Adam Smit vasitəsilə) digər ölkələrdə ölkələrarası azad ticarət siyasətini təbliğ edir. Bu heç də ədalətli deyil.

— Siz hələ keçən il məqalələrinizin birində istiqraz bazarının böyük risk daşıdığını qeyd etmişdiniz. Qeyd etmişdiniz ki, 2017-ci il ərzində öncədən deyildiyi kimi faiz artımlarının 3-4 dəfə deyil, 1-2 dəfə olması daha realdır. Çünki, ehtiyatlı davranış olmasa növbəti maliyyə böyranı istiqraz bazarından başlaya bilər. Hazırda bu barədə ciddi siqnallar eşidilməkdədir. İndi də qeyd etdiyiniz iknici məsələ istiqraz bazarı və faiz dərəcələridir. Bunlar arasındakı əlaqə nədir?

— Hər bir ciddi proqnoz geniş və dərin araşdırmanın nəticəsində əldə olunan ciddi səbəblərə əsaslanmalıdır. Əks halda bu falçılıq olar. Dünyada istiqrazlarla bağlı vəziyyəti araşdırarkən çox riskli bir vəziyyətin yarandığını görürük. Sadə dillə izah edim. Bilirik ki, faiz dərəcələri həm də pulun dəyərini müəyyən edir. Xüsusilə sərbəst dönərli valyutası olan inkişaf etmiş ölkələrdə. Faiz dərəcələri aşağı olanda investorlar (xüsusilə təlatümlü vaxtlarda) cüzi də olsa daha yüksək faizli istiqrazlara üz tuturlar. Orada dövriyyə milyard dollarla olduğu üçün illik 0.25% fərq böyük qazanc deməkdir. İqtisadiyyata investisiyanı təşviq etmək, fond birjalarında artıma nail olmaq üçün inflyasiyanın da aşağı səviyyəsini nəzərə alaraq faiz dərəcələri uzun müddət 0 ətrafında saxlanıldı. Kapital fond birjalarına, investisiyalara yönəldi, müsbət nəticəsi göz önündədir. ABŞ böhrandan çıxdı. Lakin, mənfi tərəfi odur ki, həm də (digər ölkələr də daxil olmaqla) istiqraz bazarı çox böyüdü və xüsusilə ABŞ-la əlaqəli istiqrazların illik faiz dərəcələri mövcud faiz dərəcələrindən cüzi artıqdır, çox deyil. Əgər faiz artımı baş verərsə, bu pulun bahalaşması deməkdir. Bu, investorun istiqraz bazarından çəkilərək pulunu banklara depozitə qoyması deməkdir. Çünki, məsələn illik faiz 1% ətrafında olanda illik faiz dərəcəsi 1.25-1.5% olan istiqrazlar daha sərfəli idi. İllik faiz 2% olanda bu həmin istiqrazların kütləvi satışı və nəticədə çöküşü riskinin artması deməkdir. 50 trilyon həcmini kənara qoyaq. 5-10 trilyon həcm belə 100 trilyonluq bir tsunami yarada bilər. Müqayisə üçün deyim ki, 2007-ci ildə ABŞ-da ipoteka kreditlərinin həcmi 700 milyard ətrafında idi və bu bazarın böhranı (yoluxma effekti sayəsində) trilyonlarla dollar zərər vuraraq ABŞ iqtisadiyyatını çökdürmək təhlükəsi yarada bilmişdi. Buna görə də, istiqraz bazarlarında risklər yumşaldılmasa 2018-ci il ərzində çoxlarının gözlədiyi kimi 3-4 dəfə faiz artımının olacağı inandırıcı görünmür.  

– Siz müharibələri qeyd etdiniz. Bunları dünya iqtisadiyyatı üçün ciddi təhlükə hesab edirsinizmi və iqtisadiyyatla hansı əlaqəsi var?

— 1920-ci illərin əvvəlindən 2008-ci ilə qədər dünya iqtisadiyyatında baş verən və ciddi nəticələri olan 40-a yaxın böhranı (əslində bu müddətdə yüzlərlə böhranlar olmuşdur) araşdırmışam. Qeyd edim ki, 19-cu əsrdə də ABŞ və digər ölkələrdə böhranlar olub ((1870, 1894-1895), 1907 və 1911-ci illərdə ABŞ fond bazarlarında ciddi çöküş və böhranlar olmuşdur). Lakin, 1920-ci illərdən sonra baş verən böyük böhranlar öyrənilmək və araşdırılmaq üçün daha aktualdır. Burada bir haşiyə çıxım. Düşünürəm ki, əgər 1929-33-cü illər “Böyük Depressiya”sı olmasaydı və ABŞ bu böhranı araşdırıb düzgün nəticələr çıxarmasaydı 2008-ci ilin maliyyə böhranı həm ABŞ-ı, həm də dünya maliyyə sistemini çökdürərdi. Bu böhranların təhlili təəssüf ki, mənfi bir amili də göz önünə gətirdi. Araşdırmalar göstərir ki, böyük böhranların böyük mənfi nəticələrini təəssüf ki, müharibələr yuyur. Müharibələr sanki bir sanitar rolunu oynayır. Hazırda isə nüvə silahı amili olduğu üçün qlobal müharibə istisnadır. Lakin, lokal müharibələrin dayanması inandırıcı görünmür. Acı həqiqət olan bu geniş mövzu haqqında çox danışmaq istəmirəm.

— 4-cü məsələ neft faktoru..

— Ölkəmiz üçün də böyük əhəmiyyətə malik olan neft qiymətləri hələ stabilləşməyib. Lakin, 55-60 dollar həm neft ixrac edən, həm də neft idxal edən ölkələr üçün qəbuledilən bir qiymət aralığı kimi görünməkdədir. Çox ciddi siyasi və iqtisadi əsasları olan neft qiymətlərinə təsir edən 3-cü amil alternativ enerji sahəsindəki ciddi və sürətli inkişafdır. Bir amili nəzərə alaq. Necə ki, neft ixrac edən ölkələr iqtisadiyyatlarının neftdən asılılığını minimuma endirmək və qeyri-neft sektorunu inkişaf etdirmək istəyirlər, neft idxal edən ölkələr də neft idxalını minimuma endirmək üçün alternativ enerji (xüsusilə günəş enerjisi) mənbələrini inkişaf etdirirlər. Bircə onu qeyd edim ki, neftin qiyməti təkcə tələb-təklif amilləri üzərində formalaşmır. Hamı üçün maraqlı və düşündürücü ola biləcək bir fakt deyim. 2013-cü ildə dünyada faktiki olaraq 33 milyard barrel neft istehsal və istehlak olunub. Amma dünya birjalarında neft fyuçers müqavilələrinin həcmi 352 milyard barrel olmuşdur. Bu faktın geniş təhlili həm qiymət formalaşmasını, həm də real, acı həqiqəti göstərməkdədir.

Azərbaycanda baş verən iqtisadi proseslərin təhlil növbəti yazımızda …

Son xəbərlər
Digər xəbərlər