9 C
Baku
Thursday, December 12, 2024

Ekspert: İxracatçılar işlərini beynəlxalq bazarın tendensiyasına uyğun qurmalıdırlar

Azərbaycanın ixracatçı sahibkarı hər hansı məhsulu istehsal edib xarici bazara çıxarmaq üçün ilk növbədə həmin mal kütləsinin satış qaydalarını və normalarını öyrənməli, beynəlxalq ticarətin standartlarını araşdırmalı, nəticə çıxarıb qərar qəbul etməlidir. Burada əsas məsələlərdən biri odur ki, ixracatçı öz mallarını ixrac edəcəyi ölkənin sosial-iqtisadi vəziyyətini öyrənsin, ölkə əhalisinin yaşayış tərzindən, həyat səviyyəsindən asılı olaraq ixrac olunacaq malların istehlak imkanlarını müəyyənləşdirsin. Yəni həmin ölkəyə Azərbaycandan ixrac olunacaq mal növləri ilə idxalçı ölkənin özünün milli istehsal mallarının növləri müqayisə edilərək öyrənilməlidir.

Bu mülahizələri müsahibəsində Azərbaycan Dövlət İqtisad Universitetinin eksperti, professor İrşad Kərimli səsləndirib.

Müsahibimiz bildirib ki, hazırda beynəlxalq bazarlar uğrunda mübarizə gedir. Bunun üçün ilk növbədə beynəlxalq bazarların mövcud vəziyyətini və perspektivini təhlil etmək lazımdır. Azərbaycan kimi, bir çox ölkələr də daxili tələbatını milli istehsal hesabına ödəmək istəyirlər. Təsadüfi deyil ki, 2017-ci il aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində Prezident İlham Əliyev də diqqəti bu məsələyə yönəldib: Azərbaycan üçün ənənəvi bazarlarda hansı tendensiyaların getməsini bilmək vacibdir.

İxracyönümlü məhsullar istehsal etmək və beynəlxalq bazarlara çıxmaq istəyən Azərbaycan sahibkarı öz işini həmin tendensiyalara uyğun qurmalıdır. Nəzərə alınmalıdır ki, hazırda Azərbaycan ixracatçıları üçün ənənəvi bazarlar olsa da və, vaxt gələcək, bu bazarlar yerli istehsalçılar tərəfindən daha çox təmin olunacaq. Bununla da ənənəvi Azərbaycan məhsullarına ehtiyac qalmayacaq.

Ənənəvi bazarlarda mövqeyi möhkəmlətməyin yolları barədə fikirlərini bölüşən ekspert deyib: “Bunun üçün ilk növbədə üçün ənənəvi məhsullarımızın keyfiyyətini artırmalı, rəqabətqabiliyyətli etməliyik. Yəni həmin məhsulları beynəlxalq standartlara uyğunlaşdırmalıyıq. Beynəlxalq standartların tələblərini öyrənmək, ixrac ediləcək Azərbaycan mallarının beynəlxalq standartlara uyğunlaşdırılması imkanlarını araşdırmaqla müvafiq nəticə çıxarmalıyıq”.

İ.Kərimli hesab edir ki, Azərbaycandakı standartlaşdırma laboratoriyalarının mövcud vəziyyətini araşdırmağa, daxili və xarici bazarlara ixrac olunacaq malların perspektiv durumuna dair həmin laboratoriya yoxlamalarının müasirliyini dəqiqləşdirməyə və verilən sertifikatların reallığını öyrənməyə ehtiyac var. İlk növbədə daxili və sonra isə xarici bazarlara göndərilməli olan mallar standartlaşdırma laboratoriyalarında diaqnostikadan keçirilərək yoxlanılmalıdır. Bu malların perspektivlərini müəyyən etmək üçün laboratoriyalar ən mütərəqqi ölçü, çəki cihazları, kimyəvi, fiziki, bioloji, ekoloji və bütünlükdə malın istehlak xassələrini, onun faydalılığını müəyyən edib dəqiqləşdirən avadanlıqlarla təchiz edilməlidir. Azərbaycanda istehsal olunan mallara və ölkəmizin brend mallarına verilən sertifikatlar xarici ölkələrdə və yaxud beynəlxalq bazarlarda o vaxt tanınıb qiymətləndirilər ki, onlar beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalar tərəfindən təqdim olsun.

Eyni zamanda, ixrac olunacaq Azərbaycan mallarının, yəni “Made in Azerbaijan” brendinin perspektiv durumunu dəqiqləşdirmək üçün standartlaşdırma laboratoriyalarında işləmək qabiliyyətinə malik yüksək ixtisaslı bioloq-kimyaçı, bioloq-fizik, bioloq-texnoloq və digər mütəxəssislər hazırlanmalıdır. Bu barədə danışan ekspert deyib: “Azərbaycanla qarşılıqlı ticarət əməkdaşlığı edən yaxın və uzaq xarici ölkələrin münasib şəhərlərində yaradılmaqda olan ticarət evləri və “Azexport” portalı vasitəsilə ölkəmizdən ixrac olunacaq mallara bazar tapmaq üçün müasir səviyyəli milli ixrac agentlərinə ehtiyac duyulur. Azərbaycanda bu peşəyə uyğun mütəxəssislər var, lakin onları təkmilləşdirmək lazımdır. Bu işdə sahibkarların özləri maraqlı olmalıdırlar. İxrac agenti alqı-satqı sazişinin daşıyacağı bütün məsuliyyət çərçivəsində mal ixrac edən Azərbaycan sahibkarlarının nümayəndəsi qismində çıxış edə bilir.

Digər vacib məsələ tapılan yeni bazarların hansı mal qruplarına və qrupdaxili mal növlərinə ənənəvi və yaxud yeni formalaşan tələblərin olmasına dair məlumatları Azərbaycanın istehsalçı sahibkarlarına ötürülməsi istiqamətində müasir səviyyəli ixrac brokerlərindən ibarət milli mütəxəssislər yetişdirilməsidir. Broker ixrac əməliyyatı vasitəsilə satıcı və alıcı arasında əlaqə yaradır. O, nə ixracatçı, nə də idxalatçı tərəfin nümayəndəsi sayılmasa da, hər iki tərəf üçün malın həcmi, keyfiyyəti, qiyməti və mənşəyi barədə tapşırıqları yerinə yetirə bilir”.

Qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki çıxışlara əsaslanan professor İrşad Kərimli vurğulayıb ki, Azərbaycan sahibkarları ixracyönümlü mallar buraxılışına meyillidirlər. Həmçinin ölkəmizin zəngin ixrac potensialı var. Odur ki, ixracı stimullaşdırmaq, ən vacibi isə surətlə artması proqnozlaşdırılan ixrac mallarına yeni və səmərəli bazarlar tapmağın “sirrini” və eyni zamanda, bunun təcrübi yollarını öyrənmək lazımdır.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər