2 C
Baku
Saturday, December 14, 2024

Ekspert: “Manatın taleyini neft həll edəcək”

Mərkəzi Bankın rəsmi valyuta ehtiyatında azalma noyabr ayında da davam edəcək.

Bunu iqtisadçı ekspert Samir Əliyev öz Feysbuk səhifəsində qeyd edib.

O, neftin ucuzlaşdığı təqdirdə manata təzyiqin artacağını bildirib:

“Oktyabr ayı ilə müqayisədə valyuta ehtiyatının azalması nisbətən səngiyəcək. İstənilən halda hər şey dünyanın əmtəə və maliyyə bazarlarında baş verən proseslərin istiqamətindən asılı olacaq. Neft ucuzlaşmaqda davam edərsə, şübhəsiz ki, manat üçün təzyiq artacaq. İndiki dövrdə dolların bahalaşması bir sıra ölkələrdə devalvasiya siqnallarını daha da gücləndirir. Rusiya, Ermənistan, İran valyutalarının timsalında baş verənlər, bunun digər ölkələrə də, məsələn, Qazaxıstanda yayılması ehtimalının güclənməsi xammal valyutası olan manatın gələcək taleyi üçün müəyyən konturları ortaya qoyur. Bu konturlar ondan ibarətdir ki, Mərkəzi Bankın manatın sabitliyi ilə bağlı niyyətinə rəğmən, manatın taleyini neft həll edəcək. “Qara qızıl”ın indiki səviyyədə qalacağı təqdirdə ölkənin baş bankı vədi yerinə yetirə biləcək. Ancaq neftin qiymətinin ucuzlaşması ilə bağlı proqnozlar özünü doğruldarsa, milli valyutamız ucuzlaşdırılmalı olacaq. Bu ili manat inamlı sabit başa vuracaq. Ancaq gələn il üçün bunu demək çətindir. Mərkəzi Bank son həddə qədər manatın sabitliyini təmin etməyə başlayacaq. Ancaq onun da gücünün həddi var.

Manata görə valyuta ehtiyatının əriməsinə imkan vermək olmaz. Ortada acı Rusiya nümunəsi var. İndi 2009-cu il deyil ki, atdığın addım özünü doğrultsun. Neftin indiki ucuzlaşması uzunmüddətlidir. Manatı isə qarşıdakı illərdə qeyri-sabit rəqslər gözləyir. Musiqi isə London Əmtəə Birjasında sifariş veriləcək”.

Qeyd edək ki, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatında növbəti azalma qeydə alınıb. Oktyabrda ehtiyatın həcmi 1% və ya 8,8 milyon ABŞ dolları azalıb. Bununla da oktyabr ayının 31-nə ehtiyatın həcmi 15033,6 milyon dollara düşüb. Halbuki sentyabrda bu rəqəm 15042,4 milyon dollar olub.

Son xəbərlər
Digər xəbərlər