7 C
Baku
Thursday, December 12, 2024

Ekspert: “Marketlər daha çox monopoliya mövqeyindədirlər”

“Ölkədə bahalaşma və inflyasiya artım templəri digər illəri üstələyir. Buna obyektiv amillər daha çox təsir göstərir. Digər ölkələrdə isə ideal inflyasiya daha çox rol oynayır”.

Bunu iqtisadçı-ekspert Eyyub Kərimli bahalaşma prosesinin davam etməsi ilə bağlı münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, bazarların sayı artırılmalıdır:

“Bahalaşmaya süni amillər daha çox təsir edir. Bəzən biz marketlərdə bir saat içində qiymət artımını müşahidə edirik. Sözsüz ki, bu bahalaşmanı artıq aradan qaldırmaq üçün müvafiq tədbirlər görülməlidir. İlk növbədə ölkədə rəqabətin artırılmasına ehtiyac var. Bakı şəhərində bu dəqiqə bazarların sayı çox azdır. Bu da qiymət artımına əlavə təzyiq göstərir. Çünki marketlər əsasən daha çox monopoliya mövqeyindədirlər.

Bir neçə şəbəkə marketləri var ki, onlarda da rəqabətdən daha çox razılaşmalar müşahidə edirik. Bu cür halların qarşısını almaq üçün hesab edirəm ki, monopoliya təzahürləri ilə mübarizə aparmaq, rəqabət məcəlləsinin qəbul edilməsini tezləşdirmək lazımdır. Pərakəndə ərzaq bazarlarının sayı da artırılmalıdır.

Bakıda hazırda 3 bazar fəaliyyət göstərir. Birinin fəaliyyəti çox zəifdir. 8-ci km-də qiymətlər marketlərlə müqayisədə çox aşağıdır. Bu da onu deməyə əsas verir ki, rəqabət çoxdur, böyükdür. Bu da qiymətlərin süni artırılmasının qarşısını alır”.

E.Kərimli qeyd edib ki, bahalaşma daha çox Bakı şəhərində müşahidə olunur:

“Çünki Bakıya vasitəçilərin əli ilə məhsul gəlir. Bu da qiymətin dəfələrlə artımına səbəb olur. Bahalaşma səbəbindən ailələr əziyyət çəkirlər. Bu gün bir ailənin yaşayışı üçün adambaşı 500 manat tələb olunur. 4 nəfərlik ailəyə artıq 2000 manat arasında vəsait lazımdır. Bu gün ölkədə aşağı əmək haqqı 800 manatın üzərindədir. Bu 4-5 nəfərlik ailə üçün sözsüz ki, azdır.

Bahalaşma ilə bağlı müəyyən tədbirlər həyata keçirilməlidir. İlk öncə idxaldan asılılığımızı azaltmalıyıq. Gündəlik tələbat məhsullarının ölkəmizdə istehsalını artırmalıyıq. Avropa ölkələrində ödədiyiniz verginin ilin sonunda geri qayıtma təcrübəsi var. Bu təcrübə bizdə də fərqli şəkildə tətbiq edilsin. Bu həm büdcə ödənişlərinin artmasına köməklik edəcək, həm də insanları təşviq edə bilər”.

İqtisadçı əlavə edib ki, ölkəyə ərzaqların müəyyən şirkətlər tərəfindən gətirilməsinin qarşısı alınmalıdır:

“Qiymətləri insanların gəlirinə görə tənzimləmək mexanizmi yoxdursa, tələb və təklif əsasında formalaşacaq. Bu gün tələb aşağı düşürsə, insanların gəlirləri az olduğundan qiymət özü avtomatik aşağı düşəcək. Bunun üçün rəqabət mühitini genişləndirmək lazımdır. Rəqabət çoxalsa və liberal şərait olsa, sözsüz ki, tələb aşağı düşdükcə qiymətlər aşağı düşəcək. Rəqabət buna məcbur edəcək. Süni rəqabət və inhisarçılıq meyilləri olanda isə tələbin aşağı düşüb-düşməməsi rol oynamır. Qiymətlər diktə olunur.

Təminat kanallarımızı da şaxələndirməliyik. Ərzaqlar ölkəyə müəyyən şirkətlər tərəfindən gətirilir. Bunun qarşısı alınmalıdır ki, hər bir sahibkar istənilən ölkədən, istənilən ərzağı rahatlıqla istehsal edə bilsin. Bu da qiymətlərə təsir edəcək.

Məhsulun qiyməti bir ölkədə baha, bir ölkədə ucuz ola bilər. Bu gün daha çox inhisarçı mövqedə olan şirkətlər özləri qiyməti diktə edirlər. Sahibkarlara da şərait yaradılsa və imkanlar verilsə, digər ölkələrə ərzaq idxal oluna bilər. Bu da qiymətlərin aşağı düşməsinə təsir edəcək”.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər