16 C
Baku
Thursday, April 18, 2024

Ekspert: “Premium benzinin qiymətinin artması qaçılmaz idi”

Azərbaycanda Aİ-95 premium markalı benzinin qiyməti 0.4 manat bahalaşıb. Beləliklə, bu məhsulun yeni qiyməti iki manat olacaq. Benzinin qiymətinin artmasına səbəb dünya bazarlarında qiymət artımı olub. Aİ-95 premium markalı benzin bizdə istehsal olunmur, xaricdən gətirilir.

2021-ci ilin sentyabrından dünya bazarında neftin qiyməti təxminən 65 faiz bahalaşsa da, Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti sabit qalıb. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin sentyabrından Türkiyədə Aİ-95 markalı benzinin qiyməti 3.2 dəfə, 2022-ci ilin əvvəlindən isə 93.2 faiz artıb. 2022-ci ilin mart ayından etibarən bu markalı benzinin qiyməti Rusiyada 77.8 faiz, Gürcüstanda 34.8 faiz, Qazaxıstanda 10 faiz, Türkiyədə 51.7 faiz artıb. Dünyanın ən böyük neft istehsalçısı olan ABŞ-da premium benzinin qiyməti 2021-ci ilin sentyabrından bəri 57.7 faiz artaraq bir litr üçün 1.33 dollara çatıb.

Bu, ölkə tarixində ən yüksək qiymət səviyyəsidir. 2022-ci ilin mart ayına Avropanın neft istehsalçıları – Norveç və Böyük Britaniyadan Aİ-95 markalı benzinin satış qiyməti müvafiq olaraq 22.7 və 25.3 faiz artıb.

İqtisadiyyat üzrə fəlsəfə doktoru İlqar Vəlizadə bildirib ki, indiki şəraitdə Azərbaycanda Aİ-95 premium markalı benzinin qiymətinin artmasından qaçmaq praktiki olaraq mümkün deyildi.

“Birincisi, söhbət ondan gedir ki, dünya bazarında neftin qiyməti sürətlə artır. Artıq bir neçə ildir ki, neftin bir barelinin maya dəyəri 100 dolları ötüb. İkincisi, neft hasilatı və emalına, yüksəkoktanlı yanacaq istehsalına xərclər artır. Qeyd etmək lazımdır ki, Azərbaycanda bu növ yanacaq istehsal olunmur və onun əhəmiyyətli hissəsi Avropadan ölkəmizə tədarük zəncirləri pozulmuş şəraitdə tədarük edilir”, – deyə o bildirib.

O xatırladıb ki, yaxın vaxtlarda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yüksək oktanlı yanacağın istehsalına başlanılacağı gözlənilir.

“Bu prosesin işə salınması ilə ölkəmizdə vəziyyət sabitləşə bilər. Lakin bugünkü şərtlərə əsasən, premium benzinin qiymətinin artması qaçılmaz idi”, – ekspert qeyd edib.

İ.Vəlizadənin sözlərinə görə, digər tərəfdən, Azərbaycanda əsas yükdaşıma növləri dizel yanacağı və ya Aİ-92 markalı benzinlə işləyən yük maşınları ilə həyata keçirilir.

“Demək olar ki, AI-95 Premiumun qiymətindəki artım istehsalçıların və ticarət şəbəkələrinin xərclərinə təsir etməyəcək, çünki yük və sərnişin daşımalarında istifadə olunan yanacaq növlərinin qiymətləri dəyişməyib”, – o deyib.

Bundan əlavə, ekspert vurğulayıb ki, Azərbaycanda bütün növ yanacaq istehsalının yaradılması nəzərdə tutulur, bu da ölkəmizin bu sahədə tələbatını öz resursları hesabına ödəməyə, özünü təmin etməyə, perspektivdə isə ixracı təşkil etməyə imkan verəcək.

“Dünyada müşahidə olunan həyəcanlı tendensiyalara baxmayaraq, Azərbaycanda biz bu vəziyyətə böyük nikbinliklə baxırıq, çünki bizim öz xammalımız, bütün yanacaq növlərinin əldə olunması məqsədilə neft və qazı emal etmək üçün istehsal güclərimiz var. Fikrimcə, Azərbaycanda, Aİ-95 premium markalı benzinin qiymətinin artması müvəqqəti hadisədir. Bakı Neft Emalı Zavodunda bu növ yanacağın istehsalı üçün güclər işə salındıqdan sonra vəziyyət sabitləşəcək və Azərbaycan istehlakçısı bu gün müşahidə etdiyimiz çətinliklərdən böyük ölçüdə müdafiə olunacaq”, – İ.Vəlizadə bildirib.

İqtisad elmləri doktoru, professor, “Odlar Yurdu” Universitetinin kafedra müdiri Elşad Məmmədov öz növbəsində qeyd edib ki, Azərbaycanda Aİ-95 premium markalı benzinin qiymətinin artması neftin və neft məhsullarının dünya bazarında kəskin bahalaşması ilə bağlıdır.

“Bu kontekstdə biz bir daha ölkədə antiinflyasiya siyasətini səmərəli reallaşdırılması və inflyasiyanın faktiki idxalı ilə necə mübarizə aparılması barədə düşünməliyik. Qlobal inflyasiya spiralının kəskin artması fonunda idxaldan asılılıq şəraitində qiymət artımı ilə səmərli mübarizə barədə danışmaq çətin görünür. Hesab edirəm ki, idxalı əvəzləmə siyasətinin işlənib hazırlanması lazımdır. Bu kontekstdə Azərbaycanın xüsusilə neft, neft hasilatı və emalı kimi sahələrdə çox böyük imkanları var. Müxtəlif ekspert hesablamalarına görə, Azərbaycanda hasil edilən neftin təxminən 80 faizi xammal şəklində ixrac edilir. Bu, ölkə daxilində neft emalının təşkili üçün böyük imkanlar yaradır. Düşünmürəm ki, premium benzinin qiymətinin artması həm də Aİ-92 markalı benzinin qiymətinin artmasına səbəb olacaq. Dövlətin Aİ-92 markalı benzinin qiymətini saxlamaq imkanları çox genişdir”, – E.Məmmədov bildirib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər