Hazırda beynəlxalq yük daşımalar sahəsində bütün diqqətlər Azərbaycanın yerləşdiyi regiona yönəlib.
Bu barədə nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev deyib.
Ekspert qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin başlaması bu regiona marağı artırıb:
“Azərbaycanın əsas yükdaşıma fəaliyyəti avtomobil yolları üzərindəndir. Sonrakı sırada ardıcıl olaraq boru nəqliyyatı və dəmir yolu gəlir. Gəmi və hava yolu ilə yük daşımalarımız daha azdır. Rusiya və Ukrayna arasındakı müharibə və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən ənənəvi quru yollarının bir çoxu bağlandı. Rusiyadan Latviya, Estoniya, Belarusu keçməklə Polşa, Ukrayna, Finlandiya istiqamətində olan yolların hamısı bağlanıb. Ona görə də bütün diqqətlər cənub istiqamətinə yönəlir. Bizim bölgəmizdə multimodal daşımalar var. Şərqlə qərbi birləşdirən beynəlxalq Transxəzər marşrutu (Orta dəhliz), Sakit okean-Mərkəzi Asiya marşrutu var. Bakı limanının inkişafının birinci fazası bitəndən sonra 15 milyon ton yük və 100 min TEU, yəni 20 futluq konteyner qəbul etmək imkanımız var. Şərqdən gələn yükdaşımalar Azərbaycandan Gürcüstan ərazisinə keçir və oradan Avropanın cənubuna yönləndirilir. Azərbaycan üçün üstün cəhət odur ki, biz bir limandan asılı deyilik. Xəzərdə bizim Hövsan Beynəlxalq Dəniz Ticarət Limanımız da var. Digər tərəfdən Zirə limanı da tikilir”.
Onun sözlərinə görə, Azərbaycan 2017-ci ildən sonra dəmir yolu sahəsində bir çox işlər görmüşdü: “Bu işlər davam edir. Yol örtüyü və Bakı-Böyük Kəsik istiqamətində siqnalizasiya sistemi yenilənib. Azərbaycanın avtomobil yolları Bakıdan Gəncə istiqamətində gedən avtomobil yolu artıq 4 hərəkət zolağına genişləndirilib. Gəncədən Qırımızı körpüyə kimi 130 kilometr ərazidə yol infrastrukturu yaradılır və bu ilin sonunadək hazır olacağı planlaşdırılır”.
R.Ağamirzəyev qonşu ölkələrdə görülən işlərin regionun kommunikasiya baxımından önəmini artıracağını deyib:
“Gürcüstanda şərq-qərb dəhlizi üzrə Rikoti dağ aşırımında tunel kompleksi tikilir və bu il onun tikintisinin yekunlaşacağı planlaşdırılıb. Bu tunelin tikilməsi yük daşımaların həm sürəti, həm də həcminə ciddi təsir edəcək və bu dəhliz üzrə 50 milyon ton yükün daşınmasına imkan yaradacaq. Daha böyük həcmdə yükün daşınması üçün bütün dəhliz ölkələri zəncirvari şəkildə öz ərazisində genişləndirmə işləri görməli, bu sahəyə böyük həcmdə investisiyalar yatırılmalıdır. Zəngəzur dəhlizi açılandan sonra Türkiyə ərazisində Azərbaycan üçün yeni imkanlar yaranacaq. Türkiyənin Mersin limanına qısa yol əldə edəcəyik. Gələcəkdə Türkiyənin Trabzon limanına da dəmiryol xətlərinin çəkilməsi nəzərdə tutulub. Həmçinin Türkiyənin şimal-şərqində yerləşən Rize əyalətində yaxın zamanlarda logistik terminal və liman istifadəyə veriləcək. Bütün bunlar bölgədə yeni fürsətlər yaradır. Zəngəzur dəhlizi də açıldıqdan sonra Qara dəniz və Aralıq dənizinə alternativ çıxış imkanları yaranacaq”.
R.Ağamirzəyev hesab dir ki, Azərbaycan çox operativ hərəkətə keçərək Xəzər dənizi və Qara dənizdə fider gəmilərin sayını artırıb: “Amma nəqliyyat sahəsində operativ qərargah və vahid zəng mərkəzinin yaradılmasına ehtiyac var. Bütün nəqliyyat yolları üzrə yük daşıyıcıların istər Azərbaycandan, istərsə xaricdən istənilən saatda zəng edib məlumat almaq imkanı olmalıdır. Bu da rahat inteqrasiyanı təmin etmiş olacaq. Yükdaşıyıcıların daha rahat kommunikasiyasını təmin etməklə Azərbaycan üzərindən yük daşımanı artırmaq olar”.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə Azərbaycanın mövcud tranzit imkanlarının inkişafına dair iclas keçirilib.İclas zamanı beynəlxalq yükdaşımalar sahəsində mövcud vəziyyət və proqnozlar təhlil edilib, Azərbaycanın bütün yük kateqoriyaları üzrə buraxıcılıq imkanlarını genişləndirmək üçün hüquqi, administrativ və texniki məsələlər, habelə yükdaşımalar sahəsində iqtisadi səmərəliliyin artırılmasına dair müzakirə aparılıb. Müvafiq qurumlara konkret tapşırıqlar verilib.