9 C
Baku
Şənbə, Dekabr 4, 2021

Şərh: Rusiya atəşkəs üçün hərəkətə keçə bilər

Lavrov üç ölkə xarici işlər nazirlərinin Moskvada görüşünün keçirilməsini təklif edib.

Rusiya XİN bu gün iddia edib ki, Suriya və Liviyadan qanunsuz silahlı birləşmələrin üzvləri Dağlıq Qarabağ münaqişəsi zonasına göndərilir. Bəyanatda konkret ölkə adı çəkilmir, “maraqlı dövlətlər”ə müraciət edilir ki, “muzdlulardan və terrorçulardan” istifadə olunmasına yol verilməsin və onlar bölgədən dərhal çıxarılsın.

“Xatırlatmaq yerinə düşər ki, 2016-cı ilin aprel döyüşləri ayın 1-dən 2-nə keçən gecə başlamış və ayın 5-də Moskvada Azərbaycan və Ermənistan baş qərargah rəislərinin görüşündə atəşkəsin bərpası barədə razılıq əldə edilmişdi”. Bunu siyasi şərhçi Şahin Cəfərli deyir.

Cəfərli deyir ki, hazırkı döyüşlərə də Rusiyadan bənzər reaksiyanı müşahidə edilir: “Moskva 3 gün gözlədi və indi belə görünür ki, atəşi dayandırmaq üçün real cəhdlər göstərməyə, sözdən işə keçməyə başlayır. Amma bu dəfə fərqli geosiyasi reallıq var, Türkiyə də işin içindədir”.

Bu arada Çavuşoğlu bu gün çox maraqlı açıqlama verib. Dediyinə görə, onlar (Ərdoğan və Çavuşoğlu) Rusiyaya Suriyada olduğu kimi, Qarabağ məsələsində də bərabər hərəkət etməyi təklif ediblər, amma Moskva razılaşmayıb. Rusiyanın təklifi qəbul etməməsi Kremlin bu regionda Türkiyə ilə nüfuz dairələrini bölüşdürməyə razı olmadığını göstərir.

Əgər Bakı və Ankara Rusiyanın atəşkəsi bərpa etmək cəhdlərinə qarşı çıxarsa, nə baş verə bilər?

“Ehtimal ki, bu halda Moskva yuxarıda qeyd etdiyimiz iddialarını konkretləşdirib, adlar çəkəcək – yəni Türkiyə və Azərbaycanı ittiham edəcək. Bu isə sonrakı mərhələdə onun qeyri-siyasi müdaxilələrinə səbəb ola bilər. Yəni Rusiya deyə bilər ki, “mənim cənub sərhədlərimdə terrorçular cəmləşib, buna müdaxilə etmək hüququm var.”

Ümid edirəm ki, proseslər bu ssenari üzrə inkişaf etməyəcək. Azərbaycan Ordusu azad etdiyi ərazilərdə möhkəmlənməli və mümkün olduğu qədər irəli getməlidir” – deyə, Şahin Cəfərli deyir.

Son xəbərlər
Oxşar xəbərlər
X